«Çap Evi» mətbəəsinin bəzi sənədləri müsadirə olunub

«Çap Evi»ndə bir sıra müstəqil və müxalifətyönlü qəzetlər nəşr olunur

Vergilər Nazirliyi Bakı Departamentinin əməkdaşları yanvarın 22-də «Qanun» nəşriyyatı və «Çap Evi» mətbəəsinə gələrək, bəzi sənədləri müsadirə ediblər.


Mətbəənin sahibi Şahbaz Xuduoğlu «Turan»a deyib ki, qanuna əsasən, Vergilər Departamentinin əməkdaşları yalnız sənədlərin surətini götürməli idilər. Amma Ş.Xuduoğlunun etirazına baxmayaraq, ona bildiriblər ki, sənədlərin surətini vergi idarəsində çıxaracaqlar.


Departamentin əməkdaşları mətbəənin kompüterlərini də götürmək istəyiblər. Lakin nəşriyyatın hüquqşünasları onlara bu əməllərin qanunsuz olduğunu sübut ediblər. Bundan sonra rəsmilər kompüterin yaddaşında olan sənədləri çap ediblər.


Hadisəni şərh edən Ş.Xuduoğlu bu cür yoxlamaların qanunazidd olmadığını bildirir. Amma onu da deyir ki, həm nəşriyyat, həm də mətbəədə eyni vaxtda tələsik yoxlamaların keçirilməsi bunun sifariş olduğuna dəlalət edir:


« Yoxlamanın çox vaxt aparmasına və mətbəə əməkdaşlarını işdən yayındırmasına baxmayaraq, qəzetlər qrafik üzrə dərc ediləcək » .


«Çap Evi»ndə bir sıra müstəqil və müxalifətyönlü qəzetlər – «Yeni Müsavat», «Bakı xəbər», «Bakı Zaman», «Bizim yol» və s. nəşr olunur.


Məsələyə münasibət bildirən Vergilər Nazirliyi mətbuat xidmətinin rəhbəri Fariz Səmədov dedi ki, onlarla sabah – yanvarın 23-də əlaqə saxlasınlar.