Holokost qurbanları Bakıda da anılıb

«Holokost qurbanları təkcə yəhudi xalqının deyil, bütün bəşəriyyətin faciəsidir». BMT-nin Azərbaycandakı Nümayəndəliyinin İctimai İnformasiya Departamentinin başçısı Envera Səlimoviç belə deyir: «2008-ci ildə İnsan Haqları Bəyannaməsinin 60 illiyi qeyd olunacaq. İldönümü çərçivəsində BMT «Ləyaqət və ədalət – hamımız üçün» anlayışının dünyanın hər bir nöqtəsində yaşayan insanlara çatdırılmasına çalışacaq. Bu kampaniya bizə xatırladır ki, hələ də Holokost dəhşətlərindən ayılmayan dünyada, indi çoxları tərəfindən adi qəbul edilən Ümumdünya Bəyannaməsi hər bir insanın varlığına məxsus ədalət və ləyaqət prinsipinə əsaslanan ilk beynəxalq sənəd idi».


Dekabrın 28-də Qərb Universitetində keçirilən Holokost qurbanlarını Beynəlxalq Anma Günündə BMT baş katibinin video müraciəti də səsləndirilib. Ban Ki Mun deyir ki, insanlar heç vaxt öz hüquqlarını adi bir hal kimi qəbul etməməlidir: «Biz and içirik ki, indiki və gələcək nəsillərin həyatında Holokostun ibrət dərslərini nəzərə alacağıq».


6 milyondan artıq yəhudi faşizmin qurbanı olub. Holokost qurbanlarını anım günü BMT Baş Assambleyası tərəfindən təyin edilib.