Luqar Senata Azərbaycanla bağlı qanun layihəsi təqdim edib

Luqar bildirib ki, Azərbaycan və Qazaxıstanın mühacirət azadlığı sahəsində ciddi uğurları var

«Media forum» saytı xəbər verir ki, iki həftə öncə Bakıda səfərdə olmuş ABŞ senatoru Riçard Luqar yanvarın 29-da Konqresin yuxarı palatası Senata Azərbaycan və Qazaxıstanla bağlı qanun layihəsi təqdim edib.


Layihəyə görə, Azərbaycan və Qazaxıstan 1974-cü ildə qəbul edilmiş Cekson-Venik düzəlişinin təsiri altından çıxmalıdır.


Cekson-Venik düzəlişi 34 il öncə SSRİ-yə qarşı tətbiq edilib. Düzəliş mühacirət azadlığına məhdudiyyətin mövcud olduğu ölkələrlə Amerikanın normal ticarət iqtisadi və ticarət əlaqələrinə qadağa qoyur. SSRİ dağılandan sonra da Cekson-Venik düzəlişi qalır və hazırda Azərbaycan da daxil olmaqla bir sıra keçmiş sovet respublikaları üzərində qüvvədədir.


R.Luqar bildirib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan və Qazaxıstan mühacirət azadlığı sahəsində ciddi uğurlar qazanıblar və bu iki ölkəyə münasibətdə düzəlişi aradan qaldırmaq olar.