«Bəzi dövlət qurumları 2007-ci ildə həyata keçirdikləri maliyyə əməliyyatları ilə bağlı hesabat hazırlamaqda yubanırlar. Onlara qarşı sanksiyalar tətbiq oluna bilər».
Bunu «Azadlıq» radiosuna müsahibəsində Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin rəisi Elxan Cəfərov bildirib.
Onun sözlərinə görə, xüsusilə «Azərsu», «Metropolten», «Aztelekom», Xəzər Dəniz Gəmiçiliyi maliyyə hesabatlarını beynəlxalq standartlara uyğunlaşdırmaqda gecikirlər. Dövlət Neft Şirkəti, «Azəriqaz» və Dəmir Yolu İdarəsinin isə vəziyyəti nisbətən yaxşıdır.
«Prezidentin müvafiq sərəncamı var. Dövlət strukturları maliyyə hesabatı tərtib etmək üçün potensial hazırlamalıdırlar. Buna görə biz onlara proqram təqdim etmişik. Orada konkret addımlar nəzərdə tutulub və buna vaxtında başlamaq lazım idi».
Elxan Cəfəvorun sözlərinə görə, qurumların maliyyə hesabatı vermələri üçün vaxt çox azdır. Bu proses yanvarın əvvəlindən başlamalı idi və son müddət isə mayın əvvəlidir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi dövlət qurumlarına və kommersiya təşkilatlarına maliyyə hesabatlarını beynəlxalq standartlara uyğunlaşdırması üçün 2007-ci ildən proqram həyata keçirməyə başlayıb.