«Casus poliqonu»

«Qurğular müxalifət liderlərinin danışıqlarının dinlənilməsi üçün istifadə olunur»

«Gün səhər» qəzeti :


Azərbaycanda xarici dövlətlərin kəşfiyyat fəaliyyətinə dair son vaxtlar ardıcıl məlumatlar ortaya çıxır. Bu sırada isə daha çox Rusiya və İran xüsusi orqanlarının adı hallanır...


Noyabr ayında Milli Təhlükəsizlik və Xarici İşlər nazirlikləri Səid Dadaşbəylinin başçılıq etdiyi cinayətkar qrupun İran xüsusi xidmət orqanlarına bağlı olması barədə dəlillər təqdim etdi. Bir neçə gün öncə isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının binasındakı hökumət zalında və digər yerlərində Rusiya xüsusi xidmət orqanlarına casusluq məqsədilə dinləmə qurğularının yerləşdirilməsi faktı aşkarlandı.


Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin böyük hissəsinin təyinatı üzrə olmayan işlərə yönəldilməsi də acınacaqlı vəziyyətin yaranmasında rol oynayıb. Bu orqanlar öz vəzifəsini yerinə yetirmək əvəzinə müxalifət partiyalarının qərargahlarını, qəzetlərin redaksiyalarını, jurnalistlərin haradan gəlib, hara getmələrini izləməklə məşğuldur.


Bir neçə il bundan əvvəl sabiq dövlət rəsmilərindən birinin mətbuata açıqlamasından bəlli oldu ki, Azərbaycan hakimiyyəti 1998-ci ildə İsrailin «Veqa» şirkətindən 240 milyon dollara 1 dəqiqədə 19 min telefon danışığını yaza bilən dinləmə qurğuları alıb. Həmin qurğular məhz müxalifət liderlərinin danışıqlarının dinlənilməsi üçün istifadə olunur.


2005-ci ildə isə AXCP-nin qərargahından «juçok» aşkar edildi və məlum oldu ki, dövlət orqanları Rəşid Behbudov adına Mahnı Teatrının zirzəmisində həmin «juçok» vasitəsilə müxalifətin apardığı müzakirələrə qulaq asırmışlar.


Bu yaxınlarda «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin məhkəmə prosesi zamanı MTN tərəfindən adıçəkilən qəzetin redaksiyasına dinləmə qurğusunun yerləşdirildiyi üzə çıxdı.


Doğruda da, acınacaqlı faktdır. Başqa dövlətlər Azərbaycanın dövlət əhəmiyyətli obyektlərində dinləmə qurğuları yerləşdirərkən, bizimkilər də qəzet redaksiyalarında gedən söhbətləri dinləyirlər...


«Azadlıq» qəzeti:


Gündəlik nəşrini davam etdirə bilmək üçün «Ayna» kifayət qədər oxucu toplaya bilmədi.


Baş redaktor Elçin Şıxlı «Ayna» qəzetinin fevralın 4-dən etibarən həftəliyə keçməsinin səbəbini belə izah edib.


E. Şıxlı deyir ki, qəzetin satış səviyyəsi bu addımın atılmasını zəruri edib:


«Mən qəzetə biznes kimi yanaşıram. Amma «Ayna»ya bu cür yanaşmamışam. İki ildən artıqdır ki, «Ayna»nı «Zerkalo»nun hesabına çıxarırdıq. Tam ayrı kollektivlərdir. Peşəkarlıqla bağlı «Zerkalo»nun qarşısında qoyulan bütün tələblər «Ayna»nın da qarşısına qoyulub. Orada elə informasiyalar var idi ki, onlar nəinki «Zerkalo»da, heç o biri qəzetlərdə də olmurdu. Yəni peşəkarlıq baxımdan «Ayna»dan razı idim. Tam qərəzsiz, balanslı informasiyalar verirdi. Amma çox təəssüf ki, qəzeti çox adam oxumadı...».


Bu qərarın hər hansı təzyiq nəticəsində qəbul olunmadığını deyən E. Şıxlı hesab edir ki, əsas problem ölkədə ciddi azərbaycandilli qəzetlərin bazarının olmamasıdır:


«Heç bir təzyiqdən söhbət getmir. Təzyiq olsaydı, «Zerkalo»ya olardı. Sadəcə, Azərbaycanda ciddi azərbaycandilli qəzetlərin bazarı yoxdur. Biz nə qədər milli mentalitetdən, böyük millətçi ideyalardan danışsaq da, Azərbaycan oxucusu çox təəssüf ki, ciddi qəzeti, ciddi ədəbiyyatı öz dilində oxumağa heç cür maraq göstərmir. Əgər «Ayna»nın birinci səhifəsinə çılpaq qadın şəkli vursaydıq, qəzetin tirajı artacaqdı. Amma ciddi yazılar yazan, sosial problemlərə toxunan, siyasi təhlillər verən, normal azərbaycandilli qəzeti cəmiyyət oxumur».


Baş redaktor son addımdan sonra bəzi işçilərin ixtisara düşəcəyini də bildirdi:


«Təəssüf ki, ixtisar etməliyik. Bir qismini «Zerkalo»da işə cəlb edirik. Birtəhər çalışırıq uşaqlar çöldə qalmasın. Sözün düzü, onların gözünün içinə baxa bilmirəm. Bu qərarı verənə kimi o dünyaya gedib qayıtdım. Mənim üçün çox ağrılı oldu. Amma bütün bu biznesi məhv etməmək üçün hələlik «Ayna»nın gündəlik buraxılışlarından imtina etməli idik. Biznes baxımından, «Ayna» ümumiyyətlə, bağlanmalı idi. Ümid edirəm ki, müəyyən layihələr həyata keçirib qəzetin gündəlik versiyasını bərpa edə biləcəm. Amma ən azı, 3-4 ay qəzet həftəlik çıxacaq».


«Yeni Müsavat» qəzeti:


Yanvarın 29-da Xızı rayonunun Şurabad qəsəbəsi yaxınlığında qəzaya uğramış MİQ-29 döyüş təyyarəsinin qalıqlarının axtarışı 5-ci gündür ki, davam etdirilir...


«Qara qutu» ilə cəsədlərin bu günədək tapılmaması qəza ilə bağlı yeni versiyaların meydana çıxmasına səbəb olub. Müstəqil ekspertlər qəzaya uğramış təyyarəni «F-16» və «Tornado» tipli qırğılardan üstün hesab etsələr də, MİQ-29-un etibarlı təyyarə olmadığını bildirirlər...


Ekspertlərin qənaətincə, qəza zamanı təcrübəli pilotlar Fəxrəddin Əsgərovla Əfqan Aslanovun katapultdan istifadə etməməsi qaranlıq mətləblərdən xəbər verir. Məhz bunun nəticəsidir ki, son vaxtlar qəza ilə bağlı müxtəlif şayiə və versiyalar ortaya çıxıb:


«Milaz info» saytının yaydığı məlumata görə, təyyarə qəzaya uğradığı vaxt Xəzərin üzərində naməlum uçan obyektlərə oxşar cisim görünüb. Təyyarə isə səmada görünən bu obyektə tərəf uçub, sonradan partlayış baş verib. Saytın yazdığından belə məlum olur ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi UNO-ların («uçan boşqablar»ın) hücumuna məruz qalıb.
Amma bu versiya o qədər də inandırıcı deyil. Rəyini öyrəndiyimiz hərbi ekspertlərin bildirdiyinə görə, pilotlar təlim uçuşları keçirərkən müntəzəm olaraq mərkəzi dispetçer məntəqəsi ilə əlaqə saxlayır. Bundan əlavə, təyyarələr radarlar tərəfindən izlənir:


«Təyyarənin qəflətən radardan itərək qəzaya uğraması bir neçə səbəbdən baş verə bilər. Çox güman ki, təyyarə manevr edərkən çox aşağıdan uçub və maneəyə dəyərək parçalanıb. Ya da uçuş zamanı havada vəhşi qazlarla toxunub. Bu tipli təyyarələrdə əvvəllər də belə hadisələr baş verib»…