Ruhani paltarına görə din xadimi həbs olunub

Dəfələrdə ruhani paltarını atmaq tələb olunsa da, Əzimi Qədim ona məhəl qoymayıb

İran Azərbaycanının tanınmış ruhani fəallarından Höccət-ül-İslam Əbdüləziz Əzimi Qədim ruhanilərlə məxsus inqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilib.


Məhkəmə qərarı fevralın 4-də verilib. Xəbəri «Savalan Səsi» saytı yayıb.


Hökmdə bildirilir ki, müttəhim 2 il əvvəl çıxarılmış hökmə riayət etmədiyinə görə cəzalandırılır. Belə ki, cənab Əzimi Qədim 10 il müddətinə ruhani paltarı geyməkdən məhrum edilmişdi.


İndiyədək dəfələrdə cənab Əzimi Qədimdən ruhani paltarını atmaq tələb olunsa da, o, bu kimi qadağalara məhəl qoymayıb.


Əzimi Qədim İran Məşrutə İnqilabının ildönümü münasibətilə Təbrizdə İnqilab rəhbərlərindən Bağır Xanın abidəsi yaxınlığında keçirilmiş mərasimə qatıldığı üçün 2 il əvvəl həbs edilmişdi. Üç ay həbsdə saxlandıqdan sonra 1 il həbs, Azərbaycan əyalətlərindən ölkənin digər yerlərinə sürgün edilmə və 10 il müddətinə ruhani paltarından məhrum olunma cəzasına məhkum edilmişdi.


Əzimi Qədim 6 ay həbsdə saxlanıldıqdan sonra girov şərti ilə azadlığa buraxılmışdı.