Dövlət qurumlarının saytları niyə yenilənmir?

Osman Gündüz deyir ki, ümumiyyətlə, işləməyən saytlarla da rastlaşıblar

«Gün ərzində çoxlu saytlara baxıram, ancaq təəssüf ki, istədiyim məlumatı əldə edə bilmirəm. Söhbət daha çox dövlət qurumlarının saytlarından gedir». Pərviz Həşimli deyir ki, işiylə bağlı gündə bir neçə dəfə dövlət qurumlarının saytlarını ələk-vələk edir, ancaq istədiyinin çox cüzi hissəsini əldə edə bilir: «Məsələn, parlamentin saytı son 2-3 ayda yenilənməyib. Milli Elmlər Akademiyasının saytından lazım olan məlumatları tapmaq asan deyil. Təhsil Nazirliyinin saytı haqqında da eyni sözləri demək olar. Maraqlı bir məqama da toxunum. Məhərrəm Əliyevin Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılmasından 2-3 ay keçsə də, Daxili İşlər Nazirliyinin saytında o, hələ də həmin vəzifəsində göstərilirdi».


Son illər Azərbaycanda internet resursları inkişaf etsə də, dövlət qurumlarının çoxunun internet saytları olsa da, ancaq elələri də var ki, ancaq adları var.


«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz: «Dövlət qurumlarının böyük əksəriyyəti sayt yaratsa da, onların veb səhifəyə münasibəti ilkin informasiya mənbəyinə olan münasibət deyil».



«Korrupsiyaya Qarşı Mübarizə İdarəsi adlı bir dövlət qurumu var. Həmin qurumun saytına daxil oldum ki, görüm korrupsiyayla mübarizə sahəsində hansı yeniliklər var. Orda belə bir sual vardi: Sizcə, hansı dövlət qurumu daha çox korrupsiyalaşıb? 13 qurumun adı vardı. Nəticələr də göstərilmişdi. Səs verdim, ancaq nəticə dəyişmədi»

Tədqiqatçı Elxan Quliyev də onun üçün ən çətin işin dövlət qurumlarının saytından məlumat almaq olduğunu deyir: «Korrupsiyaya Qarşı Mübarizə İdarəsi adlı bir dövlət qurumu var. Quruma Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev rəhbərlik edir. Həmin sayta daxil oldum ki, görüm korrupsiyayla mübarizə sahəsində hansı yeniliklər var. Orda belə bir sual vardi: Sizcə, hansı dövlət qurumu daha çox korrupsiyalaşıb? 13 qurumun adı vardı. Nəticələr də göstərilmişdi. Səs verdim, ancaq nəticə dəyişmədi. Həmin sayta iki aydan sonra bir də daxil oldum, ancaq dəyişiklik yox idi».


«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin araşdırmasına görə, dövlət orqanlarının informasiya açıqlığı üzrə reytinq cədvəlində ilk üç yeri Vergilər, Rabitə və İnformasiya Texnologiyaları və Daxili İşlər nazirlikləri tutub. Bu nazirliklərin orta informasiya açıqlığı səviyyəsi təxminən 42,4 %, 40 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi isə təxminən 17,5 % olub.


Cədvəldə ən aşağı yerləri isə Milli Televiziya və Radio Şurası, Satınalmalar üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, Milli Məclis, İnsan Hüquqları üzrə Müvəkkil Aparatı, Müəllif Hüquqları Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti tutub. Osman Gündüz deyir ki, ümumiyyətlə, işləməyən saytlarla da rastlaşıblar: «Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı».


Əksər dövlət qurumlarının informasiya təminatının zəif olduğunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da bir neçə dəfə vurğulayıb.


İnformasiya əldə etməklə bağlı qanunda isə göstərilir ki, saytların yaradılmasına, vətəndaşların sorğularına cavab verilməsinə, informasiya açıqlığı məsələlərinə İnformasiya üzrə Ombudsman nəzarət etməlidir. Bu qanun 2005-ci ilin dekabrında qüvvəyə minib. Həmin vaxt bildirilirdi ki, 6 ay ərzində İnformasiya üzrə Müvəkkil təyin olunmalıdır. Ancaq hələ də müvəkkil təyin olunmayıb.