«Çap Evi» mətbəəsinin fəaliyyətində problem yarandı

«Bizim «Çap evi»ndəki çap maşınları əslində 1968-ci ilin istehsalıdır»

«Çap evi» Məhdud Məsuliyyətli Cəmiyyəti bu həftədən etibarən bazar günləri işləməyəcək. Bu barədə «Yeni Müsavat»a cəmiyyətin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, buna mətbəənin bəzi texniki problemləri, habelə əmək hüquqları ilə bağlı hüquqi məsələlər səbəb olub. Ş.Xuduoğlu dedi ki, problemləri aradan qaldırıb əlavə işçi qüvvəsi toplaya bilsələr, yeddi günlük iş fəaliyyətlərini də bərpa etmək barədə düşünə bilərlər».


O, bu qərarın mətbəə işçiləri ilə keçirilən fikir mübadiləsindən sonra verildiyini deyib. «Bu qərarın ilin əvvəlindən başlanan vergi yoxlamaları ilə hər hansı əlaqəsi varmı» sualının cavabında Ş.Xuduoğlu «qətiyyən» dedi: «Bizim «Çap evi»ndəki çap maşınları əslində 1968-ci ilin istehsalıdır. Bəlkə də «Çap evi» deyəndə insanların gözündə böyük bir təşkilat canlanır. Köhnə avadanlıqları da indiki dövrdə tamamilə sıradan çıxarmaq olmaz. Biz onların hansısa seksiyalarını təmir etməliyik».


Həftənin bazar günləri «Çap evi»ndə «Yeni Müsavat», «Bakı Zaman» və «24 saat» qəzetləri nəşr olunur.


Deputat Musa Quliyev «Üç nöqtə»yə bildirib ki, «əmək haqqı artımı bahalaşmanı kompensasiya edir».


Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdiriləcəyini qeyd edir: «İlin sonunadək orta aylıq əmək haqqının 50 manat artırılması nəzərdə tutulub. Ötən il orta əmək haqqı 183 manat təşkil edirdisə, bu il 230 manat olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bu artımlar davamlı olacaq. Amma təəssüf ki, əmək haqqı və təqaüdlərin artırılması fonunda ərzaq və qeyri-ərzaq məhsullarının da qiymətləri bahalaşır. Bahalaşma isə həm daxili, həm də xarici amillərlə bağlıdır. İnflyasiya artıq qlobal bir problemə çevrilib. Son illər neftin qiymətinin bahalaşması, dolların ucuzlaşması prosesi gedir. Neftin bahalaşması ərzaq məhsullarının qiymətinin artmasına səbəb olur. Azərbaycan isə həm neft ölkəsidir, həm də xarici ticarəti dollarla aparılır. Bu da şübhəsiz ki, qiymətlərə təsir edir».


Hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» yazır ki, 1 milyon 600 min seçici İlham Əliyevin namizədliyini irəli sürüb. Qəzet Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının qərarlarını şərh edən məqalə nəşr edib. Yazıda bildirilir ki, «2008-ci ildə prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib. Bu isə ümumi seçicilərin təxminən 30 faizdən artığını təşkil edir. Əslində həmkarların bu qərarı verməsi Azərbaycan xalqının iradəsinə söykənir. Bu gün keçirilən rəy sorğularının nəticələri, siyasi analitiklərin də qənaəti bu yöndədir ki, prezident İlham Əliyevin Azərbaycan siyasi arenasında alternativi yoxdur və növbəti prezident seçkilərində onun qələbə qazanacağı şübhəsizdir».