«Kosovonun müstəqillik elan etməsi qanunsuzdur»

X.İbrahim: «Kosovonun Azərbaycan tərəfindən tanınmasından söhbət gedə bilməz»

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim fevralın 18-də keçirdiyi ənənəvi mətbuat konfransında bəyan edib:


«Kosovonun müvəqqəti özünüidarəetmə orqanının Serbiyadan ayrılma haqqında verdiyi bəyanat beynəlxalq hüquq normalarına ziddir və qeyri-qanunidir».


XİN hesab edir ki, birtərəfli müstəqillik «yasaqdır» və belə qərarlar heç bir ciddi presedentlər yarada bilməz.


X.İbrahim onu da deyib ki, Kosovonun Azərbaycan tərəfindən tanınmasından söhbət gedə bilməz: «Eyni zamanda, bu mövqe Rusiyanın siyasətinin Azərbaycan tərəfindən təkrar olunması kimi yozulmamalıdır».


XİN rəsmisi vurğulayıb ki, əgər Ermənistan Kosovo məsələsindən Qarabağ danışıqları üçün nümunə kimi istifadəyə cəhd etsə, bu sülh prosesinə mənfi təsir göstərəcək.


Bundan əvvəl nazir müavini Araz Əzimov da «Azadlıq» radiosuna deyib ki, «Azərbaycan Kosovonun müstəqilliyini tanımağa hazırlaşmır».


Fevralın 17-də Kosovo müstəqilliyini elan edib. Bu qurumun parlamenti müstəqillik haqqında bəyannaməni qəbul edib.