Kastro istefa verdi

Kastro 2006-cı il iyulun 31-də mədəsində ağır cərrahiyyə əməliyyatı keçirib

Uzun illərdir Kuba lideri olan Fidel Kastro ölkə prezidentliyindən və silahlı qüvvələrin ali baş komandanlığından istefa verdiyini rəsmən bəyan edib. Bu barədə Kuba KİV-i xəbər yayıb.


Kastro 2006-cı il iyulun 31-də mədəsində ağır cərrahiyyə əməliyyatı keçirib. Bundan sonra prezident öz səlahiyyətlərinin qardaşı Raul Kastroya verib.


2007-ci il avqustun 13-də onun 81 yaşı tamam olub. Kastro ötən əsrin 40-cı illərinin sonunda, tələbəlik dövründə Kubada Batista rejiminə qarşı mübarizəyə qoşulub. 1953-cü il iyulun 26-da tərəfdaşları ilə birgə qiyam qaldırsa da, cəhdləri alınmır və Kubanı tərk etməyə məcbur olur. Nəhayət, 1959-cu ilin əvvəlində onun başladığı hərəkat məqsədinə çatır. Kubada sosialist idarəetməsi əsasında Kastro rejimi yaranır.