«Qan tökülməsi nə iqtidarın, nə də müxalifətin marağına uyğun olardı»

Bir çoxları güman edir ki, iqtidarın namizədi Sarkisyan birinci turda səslərin 50 faizindən çoxunu yığıb qalib gələcək

Fevralın 19-da Ermənistanda növbəti prezident seçkiləri keçirilib.


Səsvermə başlayandan bir neçə saat sonra müxalifət lideri Levon Ter-Petrosyanın qərargahı bildirib ki, hakimiyyət kütləvi saxtakarlıqlara əl atır.


Ter-Petrosyanın seçki qərargahından Arman Musinyan «Azadlıq» radiosuna bunları deyib:


«Total pozuntular, hədə-qorxu – bütün bunlar məsələn, konkret olaraq Yerevanın Erebuni rayonunda baş verir. Bu işlərə rayonun icra hakimiyyətinin başçısı, polis rəisi və onlara xidmət edən kriminal elementlər cəlb edilib. Seçki komissiyalarının rəhbərlərinə göstəriş veriblər ki, pozuntular haqda protokol tərtib etməsinlər. Fiziki güc tətbiq etmə halları olub. Bəzi yerlərdə bizim nümayəndələri döyüblər – məsələn, Yerevanda Şirvanzadə adına məktəbdə. Avan bələdiyyəsində «Volkswagen» markalı maşında olan adamlar bizim namizədin səlahiyyətli nümayəndəsi Arsen Xanamiryanı oğurlayıblar, onu parlamentin deputatı Ruben Ayrapetyana məxsus otel komplekslərinin birinə aparıblar».


İqtidarın namizədi Serj Sarkisyanın seçki qərargahı pozuntular haqda bütün ittihamları rədd edir. Seçki qərargahının rəhbəri Eduard Şarmazanov deyib ki, səsvermə normal keçir, səsvermənin nəticəsinə təsir edəcək ciddi pozuntu baş vermir. İttihamlara isə o, təəccüblənmir, çünki «Ter-Petrosyanın taktikası seçkidən əvvəl də məlum idi – onlar iqtidar namizədinin qalib gələcəyi halda seçkini saxtalaşdırılmış elan etməyə hazırlaşırdılar».


Bir çoxları güman edir ki, iqtidarın namizədi Sarkisyan birinci turda səslərin 50 faizindən çoxunu yığıb qalib gələcək. Sarkisyan isə Yerevanda səs verəndən sonra bunları deyib:


«Mənim üçün əsas olan odur ki, seçkilər yaxşı keçsin, xalqın seçkilərin nəticəsinə inamı yüksək olsun, birinci tur, ikinci tur, bunlar əhəmiyyətli deyil».


Amma müxalifət lideri Levon Ter-Petrosyan ümid edir ki, Qarabağ klanının hakimiyyətinə son qoya biləcək. Keçən həftənin axırı keçirdiyi mitinqdə Ter-Petrosyan deyib ki, saxtakarlıqlara qarşı mübarizədə güzəşt olmayacaq.


«Biz sizinlə birgə qanunun verdiyi bütün imkanları səfərbər edib saxta seçkinin nəticələrinin ləğvinə nail olacağıq. Heç birimiz - qələbəmiz tanınmayana qədər evə getməyəcəyik».


Seçki kampaniyası dövründə əsas diqqət sosial problemlərə yönəlib. Sarkisyan Ermənistanın ikirəqəmli iqtisadi inkişafı ilə lovğalanıb, bunu Levon Ter-Petrosyanın hakimiyyəti dövründəki siyasi böhranla müqayisə edib.


Ter-Petrosyan isə ölkədəki geniş yayılan korrupsiyanı hədəfə alıb, əhalinin 1/4-nin kasıb olduğunu xatırladıb. O deyib ki, Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasəti yarıtmazdı, həm Türkiyə, həm də Azərbaycanla normal münasibətlər qurmaq lazımdır.


«Azadlıq» radiosunun eksperti Liz Füller deyir ki, seçkidən sonrakı zorakılıq, yaxud qan tökülməsi nə iqtidarın, nə də müxalifətin marağına uyğun olardı.


L. Füller bildirir ki, Ter-Petrosyan artıq Ermənistanda bir əfsanədir – həm Qarabağ hərəkatındakı roluna görə, həm də müstəqil Ermənistanın ilk prezidenti olmasına görə. Zorakılığa səbəb olacaq hərəkətlər onun bu reputasiyasına böyük zərbə olardı. Ter-Petrosyan anlayır ki, əgər onun küçələrə çıxan on minlərlə tərəfdarı varsa, onlardan kimsə polisə daş ata, şüşə sındıra da bilər. Bu baş verərsə, polis buna cavab verəcək və Ter-Petrosyan zorakılığa görə günahkar sayılacaq.


L. Füller: «Zorakılığın baş verməsi Serj Sarkisyanın da maraqlarına uyğun deyil. Güman etmək olar ki, Ermənistan iqtidarı keçən ilin axırı qonşu Gürcüstanda hakimiyyətin dinc nümayişçilərə qarşı zor tətbiq etməsinə beynəlxalq ictimaiyyətin sərt reaksiyasından özü üçün nəticə çıxarıb. Hər iki tərəfin soyuq başla hərəkət etməsinə ehtiyac var».


Seçkini yüzlərlə müşahidəçi izləyir, onlar arasında ATƏT və Avropa Şurasından da gələnlər var. ATƏT-in müşahidə missiyası rəyini fevralın 20-də açıqlayacaq.