Hammarberq hakimiyyətin həbsdəki bütün jurnalistləri əfv etməməsindən təəssüflənir

Məruzə komissarın 2007-ci ilin sentyabrında Azərbaycanda keçirdiyi görüşlər əsasında hazırlanıb

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq hakimiyyətin həbsdə olan bütün jurnalistləri əfv etməməsindən təəssüfünü bildirir. Fevralın 20-də Hammarberqin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətlə bağlı açıqladığı məruzədə belə deyilir.

Məruzənin «Turan» İnformasiya Agentliyinə daxil olmuş mətnində informasiya əldə etmək imkanının problem olaraq qaldığı deyilir. Hammarberq böhtanı Cinayət Məcəlləsindən çıxarmağa, traffikinq və ailə zorakılığı ilə mübarizəni gücləndirməyə çağırır.

Komissar hakimiyyətə hüquq sistemində islahatları başa çatdırmağı tövsiyə edir. Hammarberq hakimiyyətin diqqətini cinayət araşdırmaları zamanı ciddi pozuntulara, qeyri-adekvat cəzalara çəkir və hüquq-mühafizə sistemində korrupsiyaya qarşı mübarizədə cəld addımlar atmağa çağırır.


Məruzədə deyilir ki, istintaq zamanı işgəncələr geniş yayılıb. İnzibati həbs faktları, xüsusən, müxalifət xadimləri və ya jurnalistlərin həbsi təəssüf doğurur. Avropa komissarı belə faktların araşdırılmasını və bütün günahkarların cəzalandırılmasını tələb edir.


Komissar hakimiyyəti qaçqınların və məcburi köçkünlərin yaşama şəraitini yaxşılaşdırmağa da çağırır. Hammarberq itkin düşmüşlər üzrə işləri gücləndirməyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı inkişaf etdirməyi zəruri sayır.


Məruzə komissarın 2007-ci ilin sentyabrında Azərbaycanda keçirdiyi görüşlər əsasında hazırlanıb.