Bu il qəbul imtahanlarının təşkilində bəzi dəyişikliklər olacaq

Rus bölməsində Azərbaycan dili fənnindən imtahan suallarının sayı 30 müəyyən edilib

Bu il tələbə qəbulu imtahanlarının təşkilində bəzi dəyişikliklər olacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bildirir ki, 2008/2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər internetdə özlərinə aid məlumatları, ixtisas qrupu və bölmələrini göstərməklə «Elektron ərizə» dolduracaqlar. Daha sonra müvafiq sənədlərini Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər.


Qəbul imtahanları keçirildikdən sonra abituriyentlər topladıqları ballara və müsabiqə şərtlərinə uyğun olaraq «Elektron ərizə»lərində ixtisas kodlarını seçəcəklər.


Qəbul qaydalarında aparılmış digər dəyişikliksə ondan ibarətdir ki, bütün ixtisas qruplarında hər bir fənn üzrə imtahan suallarının sayı 25 müəyyənləşdirilib (cəmi 125 sual).


I ixtisas qrupunda fizika və riyaziyyat fənlərinin hər biri üzrə çəki əmsalı 2 təyin olunub (əvvəllər riyaziyyat fənni üzrə çəki əmsalı 2,5, fizika üzrə isə 1,5 idi).


Rus bölməsində Azərbaycan dili fənnindən imtahan suallarının sayı 30 müəyyən edilib (ötən il 20 olub).


«Psixologiya» ixtisası III ixtisas qrupundan IV ixtisas qrupuna keçirilib.


Bu il xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentlərin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılacaq. Ancaq bu zaman abituriyentlərin müsabiqəyə buraxılmaları üçün test imtahanından topladıqları balın TQDK tərəfindən müəyyən olunmuş tələblərə uyğunluğu nəzərə alınacaq.


Ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra qəbul olmayan abituriyentlər üçün müsabiqə əsasında orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə ixtisas seçimi aparılacaq. Abituriyentlər ixtisas seçimini internet vasitəsilə yerinə yetirəcəklər.