«Aşağı dövlət orqanları istədiklərini edə bilirlər»

«Bizdə qanuni məsələləri də pulla həll edirlər»

- Heç rüşvət vermisiniz?


- O qədər…


- Nə üçün, kimə?


- Müxtəlif məsələləri həll etmək üçün. «JEK»də, şəxsiyyət vəsiqəsi alanda…


- Bu məsələləri həll etmək üçün rüşvətsiz keçinmək mümkün deyildi?
- Ümumiyyətlə, bizdə qanuni məsələləri də pulla həll edirlər. Pul verməsən həmin işi görməyəcəklər…


Bakı sakini Emin Əliyev deyir ki, əvvəllər təkcə dövlət orqanlarından hansısa sənəd və ya arayış alarkən vaxt itirməmək üçün rüşvət verirdisə, indi hər iş üçün, hətta halalca təqaüdünü alanda da əlini cibinə salmalı olur.


Beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycan hökumətini korrupsiya ilə mübarizədə sərt addımlar atmağa səsləyiblər. Buna cavab olaraq isə rəsmilər Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının və Respublika Prokurorluğu yanında müvafiq idarənin yaradılmasını, həm də bu sahədə qəbul olunmuş qanunları göstərirlər.


Ancaq Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə direktoru Skot Teylor deyir ki, qanun qəbul etmək asandır, çətini ona əməl etməkdir: «Çox vacibdir ki, Azərbaycan hökuməti məmurları korrupsiya ilə bağlı Milli strategiyanın icrasına səfərbər etsin və ona nəzarət mexanizmi yaratsın. Vətəndaşlar öz hüquqlarını bilməlidir ki, həm buna əməl etsinlər, həm də hökumətdən tələb edə bilsinlər».


Cənab Teylorun fikrincə, problemin köklü həlli üçün dövlət iradə göstərməlidir.



Heç rüşvət vermisiniz?
- O qədər…
- Nə üçün, kimə?
- Müxtəlif məsələləri həll etmək üçün. «JEK»də, şəxsiyyət vəsiqəsi alanda…

Amma Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev deyir ki, dövlətin iradəsi var, sadəcə, mübarizəni effektli etmək üçün ictimai nəzarət kifayət etmir. Bu durumda isə Əliyevə görə, aşağı dövlət orqanları yuxarıların diqqətindən yayınaraq istədiklərini edə bilirlər:


«Qəbul olunmuş qanunlara bəzi hallarda müəyyən nazirliklərdə kifayət qədər riayət edilmir. Bəzən nazirliklər özlərinin normativ aktlarını qəbul etməklə məsələn, sahibkarlığın inkişafına yaradılan geniş şəraiti məhdudlaşdırmağa cəhd göstərirlər. Daxil olan şikayətlərin xarakteri göstərir ki, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında problemlər hələ də qalmaqdadır. Əlbəttə, əldə olunan imtiyazları, hakimiyyəti bölüşmək bir çox insanlar üçün çətindir. Bu, başa düşüləndir, amma biz bunun qarşısını almalıyıq».


Bəxtiyar Əliyev deyir ki, indi Azərbaycanda insanların etibar etdiyi bir ünvan var: Prezident Aparatı. Digər qurumlarda və yerlərdə vəziyyəti nəzarətdə saxlamaq üçün Korrupsiyaya Qarşı Mübarizə Komissiyası QHT-ləri monitorinqə cəlb etmək istəyir. Amma bəzi hallarda bölgələrdəki hakimiyyət qurumları buna imkan yaratmırlar.


İndiyədək Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 205-dən artıq müraciət daxil olub. Onların 85-i ilə bağlı cinayət işi qaldırılıb. 60-a yaxı işə məhkəmədə baxılıb, qüvvəyə minmiş qərarlar da var.


B.Əliyev deyir ki, şikayətlər əsasən bələdiyyə və icra qurumları ilə bağlıdır.


Deputatın fikrincə, bu məsələlərin həlli üçün vətəndaş cəmiyyəti gücləndirilməlidir.


Amma korrupsiya üzrə proqramın yerlərdə icrasının monitorinqini aparmış Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, problem vətəndaş cəmiyyətində yox, dövlət idarəçiliyindədir. Çünki məmurların strategiya haqqında heç bir məlumatı yoxdur.


M.Qəhrəmanlı deyir ki, korrupsiyaya nəzarət edən də, ona qarşı mübarizə aparan da icra qurumları olduğu halda, problemin həllindən danışmaq mümkün deyil. Çıxış yolunu isə təşkilat rəhbəri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yanında vətəndaş cəmiyyəti institutunun, məsələn, Ağsaqqallar Şurasının yaradılmasında görür.