Əlli faizdən bir az artıq...

«İslahat və demokratiya prinsipləri yavaş-yavaş Azərbaycana yaxınlaşır»

«Gün səhər» qəzeti:


Ermənistanda start götürmüş və hələ bitməmiş seçki prosesinin bir mühüm cəhəti və ya nəticəsi ortadadır. Bu, qalib elan olunmuş hakimiyyət namizədinə verilmiş səsdir: 52 faizdən bir az artıq...


Bu rəqəm ilin əvvəlində qonşu Gürcüstandakı prezident seçkilərində Mixail Saakaşvilinin rəqəminə yaman yaxındır: Gürcüstan prezidenti 51 faizdən bir az çox səsə sahib çıxa bilmişdi. Hər iki ölkədə rəsmi nəticələrə görə, «ikinci»lərin də səs faizi oxşardır. Levon Ter-Petrosyan 21,5 faiz, Levan Qaçeçiladze isə 24.05 faiz...


Böyük saxtakarlıqdan imtina ilə müşayiət olunan seçki variantının 2003-cü ildə Azərbaycanda tətbiqinə cəhd edildiyi haqda informasiyalar hələ o zamanlar vardı. 2003-cü il prezident seçkiləri ərəfəsində hakimiyyətdə təmsil olunan şəxslərdən biri demişdi ki, onların hesablamasına görə, İlham Əliyev təxminən 60-65 faiz səs yığa bilər. Məlumatlara görə, Qərb diplomatları da həmin vaxt İlham Əliyevin kiçikrəqəmli üstünlüklə qələbə qazana biləcəyinə işarə vururlarmış. Yəni Azərbaycan iqtidarına «ağ eləməmək» təklif edilirmiş...


Ancaq bəlli olduğu kimi, hakimiyyətin varisi və namizədi nəinki yeni oyun qaydasına əməl etdi, əksinə, çoxsaylı həbslərlə özünün 76 faizini bir az da gücləndirdi...


Əlbəttə, 50-60 faiz səs almış bir ölkə başçısı hamıya öz iradəsini qəbul etdirmək fikrinə düşməməlidir, o, məcburdur ki, ayrı-ayrı qruplarla dialoqa getsin, yeni situasiyanın şərtləri ilə davransın, şəriksiz və əbədi prezident obrazına girməsin. Bunu Azərbaycan hakimiyyətində də gözəl başa düşür və vaxtaşırı hazırkı prezidentin 95 faiz səs yığmaq qabiliyyətində olduğunu söyləyirlər...


Ancaq qonşu ölkələrdə baş verənlər göstərir ki, islahat və demokratiya prinsipləri yavaş-yavaş Azərbaycana yaxınlaşır. Qərbin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər etdiyi göz qabağındadır. İndi Gürcüstanda parlament seçkilərinə az müddət qalır. Prezident seçkilərində uduzmuş, amma zəifləməmiş müxalifətin qonşu ölkədəki parlament seçkilərində irəli çıxacağı şəksizdir. Əgər Ermənistanda inqilab olmasa, analoji proseslər orada da baş verəcək. İnqilab olsa, bu, daha böyük sıçrayış sayılacaq...



«Ayna» qəzeti:


Azərbaycanda çoxarvadlılıqla bağlı qanun qəbul edilməyəcək.


Bu barədə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli mətbuata açıqlamasında bildirib. O deyib ki, bununla bağlı mətbuatda yer alan məlumatlar həqiqətə uyğun deyil. Bu məsələ Milli Məclisin heç bir daimi komissiyasında müzakirəyə çıxarılmayıb.


«Biz hazırda ailə münasibətləri ilə bağlı yalnız «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun layihəsi üzərində işləyirik. Bu qanunda isə çoxarvadlılıqla bağlı heç bir müddəa yoxdur», - deyə H. Rəcəbli vurğulayıb.


H. Rəcəbli söyləyir ki, Azərbaycanda çoxarvadlılığın qanuniləşdirilməsini zəruri edən heç bir amil yoxdur:


«Əhalinin təbii artımı narahatedici səviyyədə deyil. Rəsmi məlumatlar da göstərir ki, Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Adətən, çoxarvadlılıq təbii artımla bağlı problemlər olan ölkələrdə tətbiq olunur. Son illərin statistikasına görə, bizdə hər il 1,01 faiz təbii artım qeydə alınır. Bu, kifayət qədər böyük rəqəmdir. Rusiyada, Avropa ölkələrində isə təbii artımla bağlı problemlər var. Qoy çoxarvadlılığın leqallaşdırılması barədə onlar fikirləşsinlər».



«Ekspress» qəzeti:


Bakıda «Bədirlənmiş Ay Körfəzi» və «Aypara Sarayı» adlı iki göydələn inşa ediləcək…


Layihənin maraqlı cəhəti odur ki, indiyədək yalnız Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən inşaat texnologiyası Bakıda təkrarlanacaq. Belə ki, Dubaydan sonra Bakı dəniz sahilində göydələnin inşası üçün süni ada yaradılacaq ikinci şəhər olacaq.


«Ay» binaları Bakı buxtasına girişdə yaradılacaq və qonşu olacaq iki adada tikiləcək...


Fəqət, Cənubi Koreya şirkətinin layihələri birmənalı qarşılanmır.


Azərbaycan Müstəqil Ekologiya Forumunun eksperti Sulduz Vəliyevin dediyinə görə, Bakı buxtasında iki süni adanın yaradılması və üstəlik də orada binalar komplekslərinin inşası ətraf mühitə ciddi ziyan vura bilər.


«Bakı buxtası onsuz da böyük çirkab nohuruna dönüb. Şəhərin məişət və kanalizasiya tullantıları bura təmizlənmədən axıdılır. Sahildə üfunət qoxusundan durmaq olmur, buxtadakı suda balıqlar bir yana, artıq planktonlar da zəhər daşıyıcılarına dönüb. Belə şəraitdə buxtanı təmizləmək əvəzinə orada böyük tikinti meydançası açmaq ekologiyanı məhv edə bilər», - S. Vəliyev bildirib.