Dənizdən yalnız pilot Əfqan Aslanovun cəsədi çıxarılıb. Digər pilot Fəxrəddin Əsgərovun cəsədi dənizdə qəflətən hava şəraiti dəyişdiyindən üzə çıxarılmayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib:
«Qəzaya uğrayan «MİQ-29» döyüş təyyarəsinin fevralın 24-də tapılması barədə Hərbi Hava Qüvvələrindən mənə məlumat verilərkən elə zənn etmişdim ki, pilotlardan hər ikisi də dənizin dibindən çıxarılıb».
***
Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış «MİQ-29» təyyarəsi və təyyarənin hər iki pilotunun cəsədi fevralın 24-də axşam saatlarında tapılaraq Xəzər dənizinin dibindən üzə çıxarılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Təyyarənin «qara qutu»su da tapılıb.
Qəza yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında baş verib. «MİQ-29» Xəzər dənizinə düşüb və hər iki pilot (Fəxrəddin Əsgərov və Əfqan Aslanov) həlak olub. Təyyarə 2006-cı ildə Ukraynadan alınıb.