Müşfiqabad sakinləri «20 yanvar»da aksiya keçiriblər

Aksiyaçılar avtobusların pis işləməsindən narazıdırlar

Fevralın 26-sı axşam metronun «20 yanvar» stansiyasının yaxınlığında Müşfiqabad qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Onlar qəsəbəyə işləyən avtobusların sayının az olmasından və onların pis işləməsindən narazıdırlar.


Aksiya iştirakçıları iddia edirlər ki, Müşfiqabada işləyən marşrut inhisarda olduğuna görə iritutumlu avtobuslar xəttə buraxılmır.


Polis aksiyanı dağıdıb. Mülki geyimli şəxslər bir neçə aksiyaçını maşına mindirib aparıb.


Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyir ki, heç bir marşrut inhisarda deyil. Azərbaycana iritutumlu avtobuslar gətirildikcə, onlar vaxtı gələndə Müşfiqabad xəttinə də buraxılacaq.