Azərbaycanda vərəm geniş yayılıb

ÜST xəbərdarlıq edir ki, hər il vərəmli xəstələrin sayı yarım milyon artır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı yeni hesabata görə, dərmanlara müqavimətli vərəmə (MDR-TB) yoluxma halları dünyada ən yüksək həddə çatıb.


Bu hesabat 2002-ci ildən 2006-cı ilə qədər 81 ölkədə 90 min vərəm xəstəsinə dair məlumatlara əsaslanır.


Hesabata görə, dərmanlara müqavimətli vərəm-( XDR-TB - bu, praktiki cəhətdən müalicəsi olmayan xəstəlikdir), 45 ölkədə aşkar olunub. Vərəmin bu növünün HİV-lə əlaqəsinin olduğu bildirilir. Latviya və Ukraynadakı müşahidələr göstərib ki, HİV-ə yoluxmuş vərəm xəstələrində bu xəstəlik də aşkarlanıb.


ÜST xəbərdarlıq edir ki, hər il bu tip vərəmli xəstələrin sayı yarım milyon artır. Bu da hər il vərəmə yoluxan 9 milyon vərəmli xəstənin 5 faizi deməkdir.


Dərmanlara müqavimətli vərəm xəstəliyinin ən yüksək göstərici isə Azərbaycanın paytaxtı Bakıda qeydə alınıb. Burada vərəmə yoluxan xəstələrin təxminən dördə birinin (22.3 faiz) bu xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Moldovada bu göstərici 19,4 faiz, Ukraynanın Donetsk şəhərində 16 faiz, Rusiyanın Tomsk vilayətində 15 faiz, Özbəkistanın Daşkənd şəhərində isə 14,8 faizdir. Bu göstəricilər ÜST-n 2004-cü ildə dərc etdiyi hesabatdakı ən yüksək göstəricidən də yüksəkdir.


ÜST bildirir ki, 2008-ci ildə aşağı və orta gəlirli ölkələrdə vərəm xəstəliyinin nəzarətdə saxlamaq üçün 4,8 milyard dollar lazımdır.