Fevralın 28-də Milli Məclisin (MM) Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Daimi Komissiyasında Azərbaycan sülhməramlılarının Kosovadan geri çağırılması məsələsi müzakirə olunub.
MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Nəsirov «Azadlıq» radiosuna bildirib ki, məsələ müsbət qiymətləndirilib və martın 4-də parlamentin plenar iclasında müzakirə olunacaq.
Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovadan geri çağırılması haqqında fevralın 26-da parlamentə müraciət ünvanlayıb.
Bu il fevralın 17-də Kosovo müstəqilliyini elan edib. Azərbaycan Kosovonun müstəqilliyini tanımır.
1999-cu ildən Kosovada Türkiyə sülhməramlı kontingentinin tərkibində 37 azərbaycanlı xidmət keçir.