Türkiyə hərbçiləri İraqın şimalını tərk edir

İrimiqyaslı quru əməliyyatı dağlarda, kəskin iqlim şəraitində keçib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqdan hərbi birləşmələrin çıxarıldığını rəsmən bəyan edib.

Türkiyənin NTV kanalı İraq sərhədindən xəbər verib:


«İrimiqyaslı quru əməliyyatı dağlarda, kəskin iqlim şəraitində keçib. Qar örtüyünün hündürlüyü iki metrə çatırdı. İraqda hərbi əməliyyatların keçirildiyi bir həftə ərzində kürd terrorçularının əsas düşərgələri dağıdılıb. 200-dən çox yaraqlı, onlarla silah bazaları məhv edilib, 24 türk hərbçisi həlak olub. Əməliyyatda 10 minə qədər hərbçi iştirak edib».


Türkiyə hərbçiləri bəyan edirlər ki, İraqda kürd yaraqlılarının fəaliyyətini bundan sonra da izləməkdə davam edəcəklər.


Ekspertlərin fikrincə isə, hərbi əməliyyatlar yalnız müvəqqəti dayanıb, birləşmələr də məhdud sayda çıxarılır. İraqın şimalını tam tərk etmək barədə danışmaq tezdir. İraqla sərhəddə böyük hərbi kontingent, artilleriya və tanklar qalmaqda davam edir.