Azadlığa heykəl qoyan Amerikada belə hələ qadın prezident olmayıb. Yalnız bu il belə ehtimal var, Hillari Klinton qalib gəlsə, Birləşmiş Ştatların ilk qadın prezidenti ola bilər. Klintonsa uduzmaqdadır…
Elə bütün dünyada belədir. Qadınların siyasətdə rolu artır, amma yavaş-yavaş. İndi dünyada deputatların cəmi 17-18%-i qadındır, nazirliklərin 16%-ni qadınlar idarə edir. Parlament spikerlərinin 10%-i, dövlət başçılarınınsa 5%-i qadınlardır.
Bu rəqəmləri BMT-nin qadınların siyasətdə roluyla bağlı bölməsi və Beynəlxalq Parlamentlər Birliyi açıqlayıb. Rəqəmlərdə bir neçə milli və regional nüanslar var.
Üç il əvvəllə müqayisədə indi parlamentində qadınların sayı çox olan ölkələrin sayı artıb. 20-yə qədər ölkədə parlamentdəkilərin 30%-i qadındır. Deputatlarının 40%-i qadın olan ölkələrin sayı daha çoxdur. Qadın deputatların sayına görə, birinci yerdə Ruanda gəlir. Bu ölkədə parlament üzvlərinin 48%-i qadındır. İkinci yerdə İsveç qərarlaşıb, bu ölkənin parlamentinin 47%-i qadınlardır. Üçüncü yerdə Finlandiyadır - 41%. Parlamentində qadınların sayı çox olan ölkələrin əksəri inkişaf etmiş ölkələrdir. Amma son illər Cənubi Amerika ölkələrində də deputat qadınların sayı artıb və 20%-i keçir. Azərbaycan parlamentində deputatların 14-ü qadındır, bu isə parlamentin 11%-i deməkdir.
Qadın deputatların sayına görə, ən aşağı göstərici ərəb ölkələrindədir, cəmi 9%. Yalnız Birləşmiş Ərəb Əmirliklərində bu baxımdan sıçrayış olub. Əvvəl qadın deputatı olmayan Ərəb Əmirliklərində indi deputatların 22%-dən çoxu qadındır. Amma qadınsız parlamentlər də var, belə parlamentlərin sayı 7-dir.
Keçək nazirliklərə. Burda da inkişaf zəifdir. Bir neçə il əvvəl qadın naziri olmayan 19 ölkə vardı. İndi belə ölkələrin sayı azalıb, 13-ə düşüb. Elə burdaca qeyd edək ki, Azərbaycanda nazir qadın yoxdur. İki komitəyə - Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə və Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə, həmçinin Ombudsman Aparatına qadın başçılıq edir.
Ən çox qadın naziri olan ölkə Finlandiyadır, burada nazirlərin yarıdan çoxu qadındır. İkinci yerdə Norveç, üçüncü yerdə Qrenada gəlir. Qadın nazirlərin sayına görə, İsveç, Fransa, İspaniya, Cənubi Afrika da irəlidədir, bu ölkələrin hamısında nazirliklər qadınlarla kişilər arasında az qala bərabər şəkildə bölünüb. Amerika ölkələrində də qadın nazirlərin sayı artmaqdadır. Ərəb ölkələrində də kiçik artım var, nazirlərin 8%-i qadındır.
İndiyə qədər qadınların çoxu Təhsil, Ekologiya nazirliklərini idarə edirdisə, hazırda Xarici İşlər, Ticarət, Ədliyyə naziri olan qadınlar da var. Amma Müdafiə nazirləri yenə kişilərdir. Dünyada 1022 Müdafiə nazirindən cəmi altısı qadındır.
Dünyada cəmi 192 prezident var, onun da 8-i qadındır.