«Atəşkəsin pozulması narahatlıq doğurur»

«Atəşkəsin son pozulması halı əvvəlkilərdən intensivliyi ilə fərqlənib»

«Təmas xəttində atəşkəsin pozulması narahatlıq doğurur. Mənim bildiyimə görə, atəşkəsin son pozulması halı əvvəlkilərdən intensivliyi ilə fərqlənib».


Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov martın 5-də keçirdiyi mətbuat konfrasında belə deyib.


Səfirin sözlərinə görə, atəşkəsin pozulması səbəblərini araşdırmaq üçün yaxın 2-3 gündə monitorinq aparılacaq. İstiratov monitorinqin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçiriləcəyini söyləyib: «Ona qədər isə hadisə ilə bağlı hər hansı şərh vermək yerinə düşməzdi».


Martın 4-də atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ölən və yaralananlar olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atışma nəticəsində Silahlı Qüvvələrin dörd hərbçisi həlak olub, bir nəfər isə yaralanıb. Nazirlik Ermənistan Ordusunun 12 əsgərinin öldürüldüyünü, 15-nin isə ağır yaralandığını bildirib.


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan atəşkəsin pozulmasını təsdiqləyib və bunda Azərbaycan tərəfini günahlandırıb.


Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.