«Azərbaycan hücum etməyib və sülh prosesinə sadiqdir»

Spiker Ermənistan hakimiyyətini «xalq tərəfindən dəstəklənməyən rejim» adlandırıb

Azərbaycan tərəfi martın 4-də atəşkəsin pozulması məsələsini NATO Parlament Assambleyasının Bakıda keçirilən «Rouz-Rout» seminarında qaldırıb.


Spiker Oqtay Əsədov deyib ki, hadisələr göstərir ki, Ermənistan diqqəti öz daxilindəki proseslərdən yayındırmaq istəyir. O.Əsədov Ermənistan hakimiyyətini «anti-demokratik və xalq tərəfindən dəstəklənməyən rejim» adlandırıb.


Ermənistanda fevralın 19-da prezident seçkiləri keçirilib. Seçkinin nəticələrinə etiraz edən müxalifətin davamlı aksiyaları dağıdılıb və prezident Koçaryan ölkədə fövqəladə vəziyyət elan edib.


Atəşkəs martın 4-ü səhər tezdən pozulub, gecəyə qədər davam edib. Hər iki tərəfdən itkilər olub.


Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib ki, atəşkəsi Azərbaycan tərəfi pozub.


O.Əsədov isə deyir ki, «Azərbaycan hücum etməyib və sülh prosesinə sadiqdir».