«Fitnə» filmindən NATO-nun baş katibi də qorxur

Bəsrədə nümayişçilər əllərində böyük nüsxəli Quranı tuturlar, İraq, 18 sentyabr 2006

Bu film hələ ekranlara çıxmayıb, ancaq martın 5-də NATO kimi qüdrətli təşkilatın baş katibi Yaap De Hoop Sxeffer deyib ki, o, filmin ekrana çıxmasından qorxur. Qorxur ki, NATO-nun Əfqanıstandakı qüvvələrinə ziyan dəyər.


On dəqiqəlik filmin adı «Fitnə»dir. Ərəbcədən tərcümə edəndə çevriliş, parçalanma, xaos mənasını verir. Film müsəlmanların müqəddəs kitabı «Qurani-Kərim» haqdadır.


Filmin yaradıcısı, 44 yaşlı holandiyalı Geert Vilders «Quran»ı Adolf Hitlerin «Mayn Kampf» əsərinə oxşadır. O, deyir ki, «Quran» qadağan olunmalıdır.


Maraqlıdır ki, Vilders Hollandiya parlamentinin üzvüdür, «Azadlıq» Partiyasının lideridir. O, siyasi karyerasında belə yüksəlişə son illər islamı kəskin tənqid etməklə nail olub.


İndi isə parlament tribunasının verdiyi imkanlar sayəsində Hollandiyanın islam əleyhinə ən məşhur və radikal ictimai xadiminə çevrilib. O,


parlamentdən kənarda polisin keşiyində yaşayır, telefonla danışmır, yalnız mesaj göndərməklə əlaqə saxlayır.


«Şeytan ayələri» kitabından və ya Məhəmməd peyğəmbərin karikaturalarından sonra belə polis himayəsində olan, ancaq istədiyi yerə gedə bilməyən Britaniya yazıçısı Salman Rüşdidən və ya Danimarka karikaturaçılarından fərqli olaraq Vilders özünü çox yaxşı hiss edir.


Hollandiyanın Beynəlxalq Əlaqələr İnstitutunun rəhbəri Edvin Bakker «Azadlıq» radiosuna deyir ki, Vildersin baxışları Hollandiyada əksəriyyətin fikrini əks etdirmir, ancaq onun tərəfdarı az da deyil. Bunlar əsasən yüksək təhsili olmayan, işsiz adamlardır. Onları Vildersi müdafiə etməyə sövq edən isə islamdan qorxmalarıdır: «Onlar islamdan qorxurlar. Onları Geert Vilders ətrafında birləşdirən əsas məsələ də budur».


Bəs necə olur ki, Hollandiya kimi tolerant ölkədə kimsə başqalarına qarşı nifrətdən belə açıq danışa bilir?


Bakker deyir ki, Hollandiyada söz azaddır, ancaq eyni zamanda bu ölkənin qanunları nifrətlə danışmağı, nifrəti təbliğ etməyi qadağan edir.


Bakkerin fikrincə, istənilən halda Vilders hökumətə başağrısı yaradır. Hökuməti bu başağrısından hələlik qurtaran isə odur ki, heç bir kinoteatr və ya televiziya Vildersin filmini göstərməyə meyilli deyil. Ancaq problem ondadır ki, Vilders sonda görsə ki, onun filmini heç kim göstərmir, onda filmi internetə yerləşdirəcək və belədə artıq heç bir hökumət bunun qabağını ala bilməyəcək.


Holandiyada bu mübahisə getdiyi bir zamanda Romada hər tərəfdən beş nəfər olmaqla xristian və müsəlman dini liderləri görüşür. Görüşə səbəb Roma papası Benediktin iki il əvvəl işlətdiyi «islamla zorakılıq arasında əlaqə var» sözüdür. Həmin vaxt İordaniya şahzadəsi Gazi bin Məhəmməd bin Talal 138 islam alimini və 43 ölkənin liderini bir araya gətirərək, Roma papasına açıq məktub yazdı ki, «dünyanın salamat qalması dinlər arasında dialoqdan asılıdır».


Bu görüş həmin məktubun nəticəsidir. Ancaq indiki danışıqlara tərəflərin münasibəti fərqlidir. Vatikanın keçmiş rəsmisi, indi isə Amerikanın Acton İnstitutunun Roma bölməsinin rəhbəri Kişor Cayabalan deyir: «Müsəlman dini liderlər teologiyadan, sırf dini məsələlərdən danışmaq istəyirlər, siyasətdən yox. Vatikan rəsmiləri isə dindən istifadə edənlərdən danışmaq istəyirlər – cihad edənlərdən, terrorçulardan».


Danışıqların məzmunu ətrafında bu fikir ayrılığının necə aradan qaldırılacağı hələlik bilinmir. Çünki müsəlman dini liderlərin bəziləri terrorçuluqdan danışmaqdan imtina edə bilərlər. Hərçənd görüş iştirakçılarından biri - İtaliyanın islam dini icmasının lideri Yəhya Serjio Palavçini deyir ki, dini zorakılıq məsələsini müzakirə etməyə hazırdır.


Görüşdə Palavçini ilə yanaşı Liviya, Türkiyə, Britaniya və İordaniya dini liderləri iştirak edir. Vatikan nümayəndələrinə isə Vatikanın Dinlərarası Dialoq Şurasının rəhbəri Kardinal Jan Lui Turan başçılıq edir.