Azərbaycanda silahlı qüvvələr üzərində mülki nəzarətin gücləndirilməsi üçün qanunvericilik bazası hazırlanır. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsgərov məlumat verib:
«Müdafiə sisteminin daxilində mülki heyətin karyerasının inkişafı sahəsində əməli siyasətin yaradılması məqsədilə milli qanunvericiliyə əlavələr hazırlanmaq üzrədir».
Digər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da orduya mülki nəzarətin artırılmasını xeyli vaxtdır ki, NATO tələb edir.
Mətbuat hətta bunun üçün güc strukturlarına mülki şəxslərin gətiriləcəyi barədə də məlumatlar yaymışdı.
Azərbaycanın NATO-dakı daimi nümayəndəsi səfir Kamil Xasıyev deyir ki, ordunun mülki idarəçiliyi ilə bağlı məsələ Bakı ilə NATO arasında həyata keçirilən Fərdi tərəfdaşlıq və Fəaliyyət planının(İPAP) tərkib hissəsidir. Amma onun fikrincə, bu sahədə prinsipial irəliləyişlər var:
«Prinsip etibarilə mülki nəzarət onu nəzərdə tutur ki, bu prosesdə həm Milli Məclisin rolu olmalıdır, həm də ictimaiyyətin. Millət vəkilləri hərbi hissələrə daim səfərlər edirlər, oradakı vəziyyətlə tanış olurlar. Müdafiə Nazirliyinin mətbuat xidməti var. Müntəzəm olaraq jurnalistlərlə görüşlər təşkil olunur. Bu, mülki nəzarətdir də…»
Amma hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, orduya mülki nəzarət funksiyası təkcə mətbuat konfransları və deputatların monitorinqi ilə məhdudlaşa bilməz.
«Söhbət burada mülki institutların, yəni QHT-lərin və digər təşkilatların orduya nəzarətindən gedir. Məhz İPAP-ın da ikinci mərhələsində bu məsələlər Azərbaycan hökuməti qarşısında konkret olaraq qoyulub. Amma burada o cümlədən Müdafiə Nazirliyinin rəhbərlərinin də mülki şəxslərdən olması nəzərdə tutulur. Necə ki, Türkiyədə, Rusiyada, Amerikada, Gürcüstanın özündə də müdafiə naziri və yaxud da nazir müavinlərindən biri mülki şəxsdir».
Milli Məclisin Təhlükəsizlik siyasəti komissiyasının üzvü Zahid Oruc isə hesab edir ki, məsələyə Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması prizmasından baxmaq lazımdır.
Onun sözlərinə görə, həqiqətən də İPAP-ın yeni mərhələsində silahlı qüvvələrin sektorunu mülki cəmiyyətə yaxınlaşdırmaq və oradakı qapalılığı qaldırmaq kimi öhdəliklər var.
«Qanunvericilik qaydasında da müəyyən öhdəliklərimiz var. Eyni zamanda silahlı qüvvələrdə aparacağımız islahatlarla bağlı proqramlar var. 2008-2015-ci illəri əhatə edən bu proqram silahlı qüvvələr üçün icmalın hazırlanması və bundan sonra onun qanun və ya hüquqi baza şəklində əksini tapmasını nəzərdə tutur. NATO ölkələrinin əksəriyyətində bu mexanizmlər martıq qurulu. Xüsusilə də müdafiə nazirlərinin mülki şəxslər olması və ya daha çox mülki şəxslərin burada təmsilçiliyi və sair olması. Söhbət məhz bundan gedir».
Zahid Orucun sözlərinə görə, Azərbaycan müharibə ölkəsi olduğu üçün nazir mülki şəxslər ola bilməz. Amma mülki şəxslərin hansı vəzifələri tutacağı artıq bəllidir.
Buraya Müdafiə nazirinin müavini və digər aşağı sektorlarda olan zabitləri daxil edib. Bütün bunlar strateji icmalda əksini tapıb.
Plana görə 2009-cu ildən sonra Müdafiə nazirinin müavinlərindən biri mülki şəxs olacaq.