Dəblə geyinmək İranda hökumətə etirazın formasıdır

«Geyimlə bağlı qadağa elə-belə məsələ deyil»

İran qadınları deyirlər ki, onlar ikili həyat tərzi keçirirlər. Küçədə gəzməyə çıxanda, örtülü geyinir, qonaq gedəndə, dostlarıyla yığışanda isə ürəklərinin səsinə qulaq asır, qolsuz köynək, dekolte, qısa şalvar - nə istəyirlər, geyinirlər. Jurnalist İraj Cəmşidi bildirir ki, hökumətin camaatın şəxsi həyatına qarışması əhalini, xüsusilə də şəhər adamlarını məyus edib. Bəzi adamlar qadağalara məhəl qoymamağa çalışırlar: «Rəsmi qadağalar camaatın geyim tərzini dəyişə bilməyib. Bəzən bu qadağaların əks effekti olub. Geyimlər əvvəlkindən daha liberaldır. Bu, o deməkdir ki, camaat qadağalara müqavimət göstərir».


Avropanın məşhur kosmetika şirkətlərindən birinin Tehrandakı təmsilçisi Əli Mohəmmədi də belələrindəndir. O, deyir ki, pulunun çoxunu paltara, saçına, bir də dərisinə qullaq etmək üçün aldığı əşyalara xərcləyir. Çünki dəblə geyinmək onun üçün həm də hökumətə etirazın formasıdır. Dediyinə görə, elə az əvvəl saçlarını yeni formada kəsdirib, qaşlarını aldırıb. Halbuki İran qanunları hamıdan ciddi geyim tələb edir, qadınlar hicabsız, başı örtüksüz gəzə bilməzlər. Kişilərə də qalstuk, qolu qısa köynək, gödək şalvar geyinməyə, müxtəlif saç düzümüylə gəzməyə icazə verilmir. Qaydaları pozanları cərimə, hətta həbs cəzası gözləyir. Amma bütün bu qadağalar Əli Mohəmmədinin vecinə deyil. Deyir ki, onun kimi iranlı milyonlarladır. Sadəcə, küçəyə çıxanda adi, örtülü paltarda gəzir, imkan olan kimi öz üslüblarında geyinirlər: «Mən tez-tez «Fashion» TV-yə, «World Fashion» kimi kanallara baxıram. Ən çox sevdiyim marka «Dolce and Gabbana»dır. Paltar alanda bu üslubu dəyişməməyə çalışıram».


Tehranda məşhur brendlərin dəbdəbəli mağazaları çoxdur. Həmin mağazalarda Qərb modelyerlərinin hazırladığı paltarları, o cümlədən İranda qadağan olunan dar şalvarları, açıq paltarları almaq olar. Amma Əli Mohəmmədinin dediyinə görə, məşhur brendlərin çoxu, məsələn, «Kristian Dior», ya da «Versace» İranda kosmetika satır, belə markaların İranda paltar mağazaları olmur.


Ancaq bu da iranlıların dəbə meylinin qarşısını ala bilmir. Məşhur markadan olan 600 dollarlıq ayaqqabının eynisini İranda 60 dollara almaq asandır. Jurnalist Cəmşidi deyir ki, geyimlə bağlı qadağa elə-belə məsələ deyil. İran camaatı istənilən an ayağa qalxa bilər, ona görə hökumət hər yerdə nəzarəti saxlamağa çalışır.