Hüquq müdafiəçiləri Səidə Qocamanlı və Səadət Bənənyarlı aprelin 1-də 1 saylı cəzaçəkmə müəssisəsində saxlanan «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevlə görüşüblər. Səidə Qocamanlı deyir ki, Fətullayev 8 gündür aclıq aksiyası keçirir. O, həkim nəzarəti altındadır. Artıq Səhiyyə Nazirliyindən terapevt və kordioloq gəlib onu müayinə ediblər: «Aclıq edən adam üçün hələ ki, onun vəziyyəti kafidir. Ancaq 10-cu gündən sonra fəsadlar ola, həmişəlik xəstə qala bilər. Buna baxmayaraq o, sonadək aksiyanı davam etdirəcəyini deyir».
Qocamanlının sözlərinə görə, Fətullayev beynəlxalq təşkilatlardan vicdan məhbuslarının azadlığa buraxılması mexanizmini işlək hala gətirməsini tələb edir.
Hüquq müdafiəçiləri həmçinin sabiq Səhiyyə naziri Əli İnsanova da baş çəkiblər. İnsanovun səhhətində ciddi problemlər olsa da, o da Eynulla Fətullayevə dəstək məqsədilə aclıq aksiyasına başlamağa hazırlaşır.
Səidə Qocamanlı Eynulla Fətullayevin həbsxananın tibbi hissəsində ayrıca otaqda saxlandığını, şəraitinin yaxşı olduğunu deyir və aclığının 10-cu günü onun yanında olacaqlarını bildirir.