«Müxalifət mətbuatına təzyiqlər var»

Sənəddə Azərbaycanda korrupsiyayla bağlı problemlərin hələ də qaldığı göstərilir

Avropa Birliyi Azərbaycanın bu təşkilatla Qonşuluq Siyasəti çərçivəsində imzalanan Fəaliyyət Planını necə yerinə yetirməsinə dair hesabat hazırlayıb. Aprelin 3-də yayılan bu sənəddə qeyd edilir ki, medianın iqtisadi azadlıqlarıyla bağlı problem həllini tapmayıb, müxalifət mətbuatına da təzyiqlər var. Amma hesabat müəllifləri hesab edirlər ki, hakimiyyət siyasi məhbus məsələsiylə bağlı əhəmiyyətli irəliləyişlər əldə edib. Sənəddə Azərbaycanda korrupsiyayla, o cümlədən həbsxanalarda məhkumlara işgəncə verilməsiylə bağlı problemlərin hələ də qaldığı göstərilir.


Hesabatda Azərbaycanın Rusiya, Gürcüstan, Türkiyə, ABŞ və AB ölkələriylə münasibətləri inkişaf etdirdiyi, vergi, ticarət, inflyasiyaya qarşı mübarizə sahələrində islahatlar həyata keçirdiyi bildirilir.


«Ayna» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov sənədi konstruktiv sayır: «Hər şey müsbət göstərilir, sonda isə yumşaq tonda problemlər sadalanlır».


2006-cı ildə AB-nin Qonşuluq Siyasəti çərçivəsində imzalanan Fəaliyyət Planında Azərbaycan qurum qarşısında iqtisadi əməkdaşlıq, siyasi sabitlik və demokratiyanın inkişafını öhdəlik kimi götürüb.