Bakıda səfərdə olan ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti aprelin 7-də belə bəyanat verib. O, deyib ki, indi çıxış yolu üçün hər iki tərəf addım atmalıdır:
«Hökuməti media bazarını liberallaşdırmalı və diffamasiyaya görə Cinayət Məcəlləsində cəza nəzərdə tutan maddələri ləğv etməlidir. Həmçinin dövlət mətbuatı da olmamalıdır. Media isə öz növbəsində, yoxlanılmamış məlumatlar yaymamalı, özünü tənzimləməlidir».
ATƏT nümayəndəsinin fikrincə, proseslər göstərir ki, Azərbaycanda dövlət mətbuata sahib çıxmağa cəhd edir və bu yolverilməzdir. Jurnalistlər peşəkar səhvlərinə görə məsuliyyətə cəlb edilməməlidirlər.
Haraşti Bakıya aprelin 6-da gəlib. İlk görüşünü «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlillə keçirib və onun işi ilə bağlı aparılan istintaqla maraqlanıb. ATƏT təmsilçisi həbsdəki jurnalistlərin sayının artmasından da narahatlığını bildirib.
Haraşti habelə Bakıda ATƏT tərəfindən hazırlanmış medianın özünütənzimetmə təlimat kitabının təqdimatında iştirak edib. O, deyib ki, Azərbaycanda medianın problemlərinin həlli üçün onun tam müstəqilliyinə nail olmaq lazımdır. Öz növbəsində ATƏT digər beynəlxalq təşkilatlarla birlikdə bu istiqamətdə çalışacaq.
Görüşdə iştirak edən jurnalist təşkilatların nümayəndələri ATƏT nümayəndəsindən həbsdəki jurnalistlərin azad edilməsi üçün hökumətə təsir göstərməsini xahiş ediblər.
Prezidentin İcra Aparatının sektor müdiri Vüqar Əliyev hesab edir ki, beynəlxalq təşkilatlar iki istiqamətdə işləməlidirlər: «Jurnalist təşkilatlarına dəstək verməklə yanaşı, jurnalistlərin peşə səviyyəsinin artırılmasına da nail olmaq lazımdır». Əliyevə görə, Azərbaycan Qərbə inteqrasiya yolunu tutduğuna görə, hökumətin medianı özününküləşdirməsi də mümkün deyil.
Hüquq müdafiəçisi Arzu Abdullayeva isə hesab edir ki, Azərbaycanda azad media üçün heç bir şərait yoxdur: «Telekanallar nəzarət altındadır, müstəqil düşüncəli jurnalistlərə qarşı isə təqiblər mövcuddur».
Mikloş Haraştinin səfəri aprelin 8-dək davam edəcək. O, hökumət rəsmiləri ilə görüşəcək, aclıq edənlərə və həbsxanadakı jurnalistlərə baş çəkəcək.