Aqil Xəlil ekspertizadan keçib

Məhkəmə jurnalistin vəkilinin şikayətinə aprelin 17-də baxacaq

Aqil Xəlil ona təzyiq olunması ilə bağlı aprelin 11-də Respublika Prokurorluğunda təkrar ifadə verib. Bundan sonra jurnalist istintaqda işgəncə verilməsi faktını araşdırmaq üçün ekspertizadan keçib. Bu barədə «Azadlıq» radiosuna A.Xəlilin vəkili Elçin Sadıqov məlumat verib.


Vəkil onu da deyib ki, Nəsimi Rayon Məhkəməsi onun şikayətinə aprelin 17-də baxacaq. Belə ki, Elçin Sadıqov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi aprelin 8-də məhkəməyə verib. Vəkil azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edir. Sadıqov müstəntiqin cəzalandırılması ilə yanaşı, onun kompensasiya ödəməsini də tələb edir.


İki dəfə hücuma məruz qalan Aqil Xəlil də prokurorluqda dindirilmə zamanı ondan zorla ifadə alındığını, döyüldüyünü bildirir.


Respublika Prokurorluğu mətbuata verdiyi açıqlamada jurnalistin dediklərini təkzib edib.