Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana yığıncağının məqsədini başa düşmür.
Bunu «Azadlıq» radiosuna açıqlamasında Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.
Həmsədrlər aprelin 16-da Vyanada yığışıblar. Bu görüşün məqsədi özlərinin dediyinə görə, ATƏT-in yeni sədrini və Minsk Qrupuna digər üzv ölkələri Dağlıq Qarabağ danışıqlarının hazırkı vəziyyəti barədə məlumatlandırmaqdır.
Amma Əzimov deyib ki, vasitəçilər gördükləri iş barədə münaqişə ölkələrini məlumatlandırmayıb:
«Həmsədrlər növbəti dəfə bizim iştirakımızı istisna edərək, Minsk Qrupunun münaqişəyə tərəf olmayan üzv ölkələri ilə görüş keçirirlər. Və yenə də bizdən kənar onlara məlumat verirlər. Belə bir mübadilələrin məqsədini onlardan soruşun».
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Bakı həmsədrlərdən yeni təkliflər gözləyir.