«İndi Azərbaycanda ağacəkmə kampaniyası dəbdədir. Amma normal və obyektiv araşdırma aparan olsa, bəlli olar ki, hər gün kəsilən ağacların sayı yeni əkilən ağacların sayından çoxdur. Təkcə yeni çəkilən yolların kənarında hər gün minlərlə ağac məhv edilir. Hökumət isə bunun əvəzinə yeni yaşıllıq zolaqlarının salınması üçün dövlət xərclərini artırmaqla tarazlığı bərpa etmək istəyir». «Gün səhər» bu barədə manşet məqaləsində yazıb.
Qəzet xatırladır ki, prezident İlham Əliyev ötən ilin oktyabrında «Avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması barədə» sərəncam imzalayıb. Sərəncamda yolların mühafizə zolaqlarının yaşıllaşdırılması və onların estetik görünüşünün yaxşılaşdırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan 3,5 milyard manat vəsait ayrılmışdı. Həmin pulla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yaşıllıqların salınması üçün əkin materiallarının seçilməsi, alınması, tədarükü və əkilməsi tapşırılırdı. Bundan başqa, ötən il Azərbaycanda ətraf mühitin mühafizəsi məqsədilə dövlət büdcəsindən 1,7 milyon, bu il isə 1,8 milyon manat ayrılıb.
«Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyində deyirlər ki, bu vəsaitlə təbiəti qorumaq mümkün deyil. Çünki bu vəsait Bakıda və ölkənin digər ərazilərində məhv edilən ağacların əvəzində yeni yaşıllıqların salınmasına çəkilən xərclərin heç üçdəbiri də deyil. Nə dövlət qurumları, nə də fərdi insanlar nazirliyin tələblərinə məhəl qoyur. Ətraf mühitə vurulan ziyana görə nəzərdə tutulmuş cərimələr isə simvolik xarakter daşıyır».
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov isə yeni əkilən ağaclarla tarazlığı bərpa etməyin mümkün olmayacağını deyir. Onun sözlərinə görə, yeni salınan yaşıllıq zolaqlarının miqyası məhv edilən ağac və kol sahələri ilə müqayisədə xeyli azdır. Bundan başqa, xaricdən gətirilən ağac və kollar Azərbaycan təbiətinə yad olduğundan, onların çoxu sonradan quruyur.
«Xoşbəxtəm o mənada ki, mənə ilk dəfə Qırmızı Əmək Bayrağı ordenini möhtərəm, rəhmətlik Heydər Əliyev təqdim edibdir. Bu gün də xoşbəxtəm ki, Azərbaycanın yüksək ordenini onun oğlu, Azərbaycanın sevimli Prezidenti İlham Əliyev mənə təqdim edir. Buna görə dərin təşəkkürümü bildirirəm və Sizi əmin etmək istəyirəm ki, mənə göstərdiyiniz etimadı bundan sonra da Azərbaycanın maraqları çərçivəsində tələbkarlıqla, ciddiliklə və təvazökarlıqla doğruldacağam». Prezidentin İcra aparatının rəhbəri Ramiz Mehdiyev dövlət başçısını ona «İstiqlal» ordeni təqdim edərkən bu sözləri deyib. Bu barədə «Respublika» yazıb.
«Qənimət Zahidin məhkəməsi aprelin 25-nə təyin olunub». «Azadlıq» qəzeti yazır ki, apellyasiya şikayətinə hakim Abid Abdinbəyov baxacaq. Vəkil Elçin Sadıqov: «Mənə bildiriblər ki, Qənimət Zahidi prosesə dəvət etmək istəyirlər. Dedim ki, Qənimət bəy iştirakdan imtina edir, ona görə də gəlməyəcək. Onu məhkəməyə məcburi gətirə bilməzlər. Çünki məcburi gətirilmə qanunda da nəzərdə tutulmayıb». Yasamal Rayon Məhkəməsi xuliqanlıqda və bədənə qəsdən az ağır xəsarət yetirməkdə təqsirli bilinən Q.Zahidə 4 il həbs cəzası verib. Apellyasiya şikayətində baş redaktora bəraət verilməsi və mənəvi zərərə görə təzminat ödənilməsi tələb olunur.
«Yeni Müsavat» ölkədə saxta diplomların olması ilə bağlı məqalə dərc edib. Qəzet bildirir ki, «Azərbaycanın təhsil sistemindəki vəziyyətin ürəkaçan olmaması heç kimə sirr deyil. Bu qədər tənqidin, qınağın, ifşanın qarşılığında bu sahədə müsbət dönüşlərin olmaması çox təəccüblüdür. Baş alıb gedən qanunsuzluqlar, maxinasiyalar qeyri-qanuni fəaliyyət gös