NATO Azərbaycanla fərdi tərəfdaşlığını qiymətləndirir

NATO ilə Azərbaycan arasında Fərdi Tərəfdaşlıq Planı 2005-ci ildə imzalanıb

Aprelin 21-də Bakıda NATO ilə Azərbaycan arasında Fərdi Tərəfdaşlıq və Əməliyyat Planının (İPAP) icrası üzrə qiymətləndirmələr başlayıb.


NATO tərəfdən danışıqlarda ekspertlər qrupu iştirak edir. Onlar İPAP-ın birinci hissəsinin necə yerinə yetirilməsi ilə maraqlanırlar.


Danışıqlardan əvvəl Azərbaycan XİN yaydığı açıqlamada bəyan edib ki, Bakı İPAP-ın birinci dövrünü «uğurla başa vurub».


Xarici İşlər naziri Elmar Məmmədyarov «Azadlıq» radiosuna deyib ki, Azərbaycan artıq NATO ilə Fərdi tərəfdaşlığın ikinci mərhələsinə başlayıb. Nazir vurğulayıb ki, ikinci mərhələdə daha ətraflı islahatlar olacaq.


Bununla belə nazir planın mahiyyətini açıqlamayıb: «Bu, qapalı sənəddir».


NATO ekspertləri isə bildiriblər ki, ikinci mərhələdə Azərbaycanın atacağı addımların ictimaiyyətə açıqlanması ölkə rəsmilərin səlahiyyətindədir.


NATO ilə Azərbaycan arasında Fərdi Tərəfdaşlıq Planı 2005-ci ildə imzalanıb. Plan Azərbaycanın müdafiə sahəsində islahatların aparılmasını nəzərdə tutur. Görülməli işlər arasında hərbi doktrina, böhranların idarə edilməsi üzrə milli konsepsiyanın hazırlanması, regional təhlükəsizlik məsələləri və s. daxildir.


NATO ekspertlərinin qiymətləndirməsi aprelin 24-də başa çatacaq. Danışıqların yekunu ilə bağlı hesabat hazırlanacaq.