Norveçin Xarici İşlər naziri Azərbaycanı azad və ədalətli seçki keçirməyə çağırır. Nazir Yonas Qar Stere aprelin 29-da Bakıya gəlib. Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşən diplomat deyib ki, payızda keçiriləcək prezident seçkisi ATƏT standartlarına cavab verməlidir:
«Biz Azərbaycanın qonşusu olan iki ölkədə bu yaxınlarda keçirilən seçkiləri izlədik və təəssüflə qeyd edirəm ki, həmin seçkilər Avropa standartlarına uyğun gəlməyib. İndi bütün gözlər Azərbaycana tuşlanıb».
Cənab Stere deyir ki, seçkilərin nə dərəcələ ədalətli olacağını seçicilərin və müşahidəçilərin rəyi müəyyənləşəcək. Eyni zamanda, o islahatlar üçün vaxt tələb olunduğunu vurğulayıb.
Bununla belə, diplomat ölkəsini misal gətirərək, enerji qloballaşmasında demokratik islahatların heç kəs üçün «istisna yaratmadığını» bildirib: «Avropada insanlar öz həyatlarını seçki ilə qururlar. Bu qanunlar hamıya aiddir».
Nazirlər enerji əməkdaşlığı və Qarabağ məsələsini də müzakirə ediblər. Yonas Qar Stere deyib ki, münaqişənin dondurulmasına imkan verilməməlidir. Norveç Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.