«Problem yaxın vaxtlarda həll oluna bilər»

Araz Əzimov sənədlərin nədən ibarət olması barədə əlavə açıqlama verməyib

Aprelin 30-da Rusiyanın Bakıdakı səfirliyi «Buşehr» Atom Elektrik Stansiyasına göndərilən avadanlıqla bağlı bəzi sənədləri Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.


Bu barədə nazir müavini Araz Əzimov məlumat verib. O, sənədlərin nədən ibarət olması barədə əlavə açıqlama verməyib. Ancaq bildirib ki, problem yaxın vaxtlarda həll oluna bilər.


Mübahisəli avadanlıq martın 29-dan Azərbaycan-İran sərhədindəki Astara keçid məntəqəsində saxlanılır. Azərbaycan tərəfi bu yükün istifadəsi haqqında sənədləri tələb edir. Moskva isə bunu qanunsuz adlandırıb, yükün tranzitinə dair bütün proseduralara əməl olunduğunu bildirib. Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni Azərbaycan tərəfindən yükü dərhal buraxmağı tələb edib.


Məsələ ilə bağlı İran səfiri Naser Həmidi Zare aprelin 29-da Azərbaycan XİN-ə çağırılıb.