«Hökumət internetə limit qoymamalıdır»

Dünya əhalisinin çoxu hesab edir ki, hökumət internetə limit qoymamalıdır

Dünya əhalisinin çoxu hesab edir ki, hökumət internetə limit qoymamalıdır. Demək olar ki, hamı azad söz tərəfdarıdır. Amma müsəlmanların və rusların bir hissəsi stabilliyi qorumaq üçün mətbuata qadağalarla razılaşır.


Bunlar «WorldPublicOpinion.org»un yeni sorğusunun nəticəsidir.


Sorğu 20 ölkədə, o cümlədən Azərbaycanda da aparılıb. Demək olar ki, bütün ölkələrdə respondentlər deyiblər ki, adamlara internetdə olan hər şeyi oxumağa imkan verilməlidir. Özü də belə cavab verən respondentlər ən çox Azərbaycanda olub-80%! İkinci yerdə Amerika Birləşmiş Ştatlardır. Amerikalıların 75%-i hesab edir ki, camaat internetdə nə varsa, hamısını oxuya bilməlidir.


«WorldPublicOpinion.org»un direktoru Steven Kul deyib ki, mətbuatın hökumətdən azadlığı fikrini dünyanın demək olar ki, hər yerində müdafiə edirlər.


Azərbaycanda respondentlərin 86%-i mətbuatın azad, hökumətin nəzarəti olmadan fəaliyyət göstərməsi vacib hesab edir. Rəyi soruşulanların 34%-i deyir ki, hökumətin əlində səlahiyyət olmalıdır ki, mətbuatın siyasi sabitliyi pozacaq məlumatları yaymasına mane olsun. Belə fikirlərin sayı ən çox İordaniyadadır. İordaniyada əhalinin 66%-i hesab edir ki, hökumət mətbuata nəzarət etməlidir. Fələstində isə 60% bu fikirdədir. İran, Rusiya, Türkiyədə də hökumətin mətbuata nəzarətiylə bağlı ciddi fikir ayrılığı var.
Azərbaycanla bağlı daha bir maraqlı rəqəm: Azərbaycanda respondentlərin 73%-i hesab edir ki, əhali başqa ölkələrin, hətta düşmən hesab olunan ölkələrin də mətbuatını izləmək haqqına malik olmalıdır.


Amma sorğuda iştirak edən azərbaycanlıların çox az hissəsi ölkədə azad mətbuat olduğunu deyib. 57% bildirib ki, mətbuat indikindən daha azad olmalıdır. 13% isə mətbuatın indikindən daha çox məhdudiyyətə ehtiyacı olduğunu bildirib.