Uşaq pornoqrafiyası ilə bağlı cinayət işi açılıb

«İnternet klublara, porno saytlara giriş qəti qadağan olunmalıdır»

Son vaxtlar Bakıda mobil telefonlarla yayılan uşaq pornoqrafiyası ilə bağlı Respublika Prokurorluğu cinayət işi açıb. İş ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsinə göndərilib.


Uşaq və yeniyetmələrin hüquqlarının qorunması ilə məşğul olan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu cür neqativ halların qarşısının alınması üçün hüquq-mühafizə orqanlarına müraciət edib: «Belə videoları yayan, bunu əldə edən hər kəs düşünməlidir ki, bu kadrlar onun evinə, ailəsinə daxil olur, uşağının tərbiyəsinə və psixoloji durumuna təsir edir».


K.Ağazadə deyir ki, o, bu cür halların uşaqlar arasında adi hala çevrilə biləcəyindən narahatdır. Birliyin rəhbəri bildirir ki, belə halların qarşısını almaq üçün hər kəs məsuliyyətli olmalıdır. Onun sözlərinə görə, sözügedən videoların yayılmasında valideynlərin günahı da az deyil. Çünki indi uşaqların məktəbə mobil telefon aparması xüsusi üstünlüyə çevrilib: «Valideynlər uşaqlarına mobil telefonunun qulaqcıq xətti (blutuz), ipod olan telefon yox, adi, normal telefon versinlər. İnternet klublara, porno saytlara giriş qəti qadağan olunmalıdır. Uşaqların peyk antenaları ilə yayılan filmlərə baxmalarına nəzarət edilməlidir».


Mayın 2-də uşaqların internetdə təhlükəsizliyi mövzusunda dəyirmi masa keçirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə bildirir ki, həm internetdə, həm də mobil telefonlar vasitəsilə yeniyetmələri bu cür hallardan qorumaqda dövlətin rolu da az deyil: «Bunu konkret nazirliyə, ictimai quruma, valideynə və yaxud məktəbə tapşırmaqla problem həll olunan deyil. Dövlət, təhsil və vətəndaş cəmiyyəti qurumlarının birgə iştirakı ilə müəyyən effektiv mexanizmlər hazırlayaraq internetdə təhlükəsizliyə nail olmaq olar».


Azərbaycan Cinayət Məcəlləsində konkret uşaq pornoqrafiyasının hazırlanması və yayılmasına görə cəza nəzərdə tutan maddə yoxdur. Amma həmin məcəllədə ümumi şəkildə deyilir ki, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayanlar cərimə, iki ilə qədər azadlığın məhdudlaşdırılması və iki ilə qədər islah işi ilə cəzalandırılır.