«ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin də müşahidə etdiyi kimi hazırda Azərbaycanda mediaya edilən təzyiqlər xüsusi narahatlıq doğurur. «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması hadisəsi jurnalistlərə qarşı hücumlardan yalnız biridir».
Bu fikirlər ABŞ-ı Helsinki Komissiyasının sədri, konqresmen Alsi Hastinqs və həmsədri Bencamin Kardinin Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı verdiyi bəyanatındandır.
Bəyanatda deyilir ki, jurnalistlərə olan hücumlar araşdırılmalı, günahkarlar cəzalandırılmalıdırlar.
«Dekabr ayında 5 jurnalistin azad olunmasına baxmayaraq hələ də öz fəaliyyətinə görə media işçiləri həbsdə qalmaqdadır. Azərbaycan rəhbərliyini diffamasiya və təhqirə görə cinayət məsuliyyətini ləğv etməyə, həbsdə olan jurnalistləri azadlığa buraxmağa çağırırıq» deyə bəyanatda bildirilir.
Hazırda Azərbaycanda müxtəlif ittihamlarla üç jurnalist həbsdədir. Media işçiləri isə həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildiriblər.