Hacıbala Abutalıbov dünyanı heyrətləndirmək istəyir

Bayramda 150-dən artıq ölkədən gətirilən ən nadir güllər də nümayiş etdiriləcək

Mayın 10-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) keçmiş Respublika sarayı qarşısındakı parkda gül bayramı təşkil edəcək. Bu məqsədlə Fransa, İtaliya və Hollandiyadan paytaxta 1 milyondan artıq gül gətiriləcək. BŞİH-in mətbuat üçün yaydığı məlumatda deyilir ki, bayramda 150-dən artıq ölkədən gətirilən dibçəkdə əkilmiş ən nadir güllər də nümayiş etdiriləcək.


Həmin gün axşam dənizkənarı bulvarda incəsənət ustalarının konserti olacaq. Daha sonra paytaxtın 25-dən çox yerində 30 dəqiqəyədək davam edən atəşfəşanlıq olacaq.


Nəhayət, Almaniya, İtaliya və ABŞ mütəxəssisləri bakılılara lazer texnikasının teleqüllədən şəhər səmasını bəzəyəcək möcüzələrini göstərəcəklər.
Bayramın neçəyə başa gələcəyi və xərcləri kimin çəkəcəyini icra hakimiyyəti açıqlamır.


Mayın 10-da - keçmiş prezident Heydər Əliyevin doğum günüdür. / Turan /