Hakim Yeni Azərbaycan Partiyası (YAP) özünə yeni mərkəzi qərargah inşa etdirmək niyyətindədir. Bu barədə «Trend»ə partiyanın icra katibinin müavini Mübariz Qurbanlı məlumat verib.
«Büdcəmiz imkan verən kimi bu işə başlayacağıq»,- deyə Qurbanlı bildirib. Partiyanın yeni qərargahının paytaxtın Heydər Əliyev prospektində inşa olunacağı gözlənir.
YAP-ın qərargahı hazırda şəhərin mərkəzində Bülbül prospekti 13 ünvanında yerləşir.
Azərbaycanın bir sıra müxalifət partiyaları isə məhz qərargahları alındığı üçün effektli fəaliyyət göstərə bilmədiklərini deyirlər. 1998 və 2003-cü illərdə keçirilmiş prezident seçkilərindən sonra Milli İstiqlal və Müsavat partiyaları qərargahlarından çıxarılıb. 2006-cı ildə isə Xalq Cəbhəsi Partiyasının müvəqqəti fəaliyyət göstərdiyi qərargah əlindən alınıb.