Prokuror Qənimət Zahid haqqında hökmü qüvvədə saxlamağı istəyir

Qənimət Zahid xuliqanlıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin vəkillərinin apelyasiya şikayəti üzrə qərar mayın 13-də qəbul elan ediləcək. Xəbəri «Azadlıq» radiosuna jurnalistin vəkillərindən biri Əlayıf Həsənov verib.


Onun sözlərinə görə, Apelyasiya Məhkəməsində mayın 12-də keçirilən prosesdə prokuror hakimdən Yasamal Rayon Məhkəməsinin Qənimət Zahid haqqında çıxardığı 4 il azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlamağı xahiş edib.


Vəkil dövlət ittihamçısının çıxışında hər hansı fakta əsaslanmadığını bildirir. Onun sözlərinə görə, burada heç bir cinayət faktı yoxdur: «Sadəcə, Qənimət Zahid müxalifət qəzetinin baş redaktoru olduğu üçün prezident seçkisi öncəsi onu cəmiyyətdən təcrid etmək istəyirlər».


Qənimət Zahid xuliqanlıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Vəkilləri hökmün ləğv edilərək jurnalistə bəraət verilməsini istəyir.


«Azadlıq» qəzetinin baş redaktoru ilə yanaşı Azərbaycanda hazırda daha iki jurnalist həbsdədir.