Gələn ildən etibarən Bakı Metropolitenində gediş haqqı 11 dəfə artırılaraq 55 qəpiyə çatdırıla bilər. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
«Ekspress» T.Əhmədovun sözlərinə istinadən yazır ki, bu il metropolitendə gediş haqqı dəyişməyəcək. Lakin 2009-cu ildən etibarən qiymətlər dəyişdirilə bilər: «Biz Tarif Şurasına təkliflər vermişik. Təkliflərdə 1 sərnişinin gediş haqqının maya dəyərinin 55 qəpik olması göstərilib. Bu ilin sonunda Tarif Şurası bu məsələyə baxacaq. Bundan sonra gediş haqqının gələn ilin əvvəlindən hansı səviyyədə olacağı müəyyənləşəcək».
Lakin bununla yanaşı, T.Əhmədov Tarif Şurasının qərarından asılı olaraq, metroda qiymətin dəyişməyəcəyini də istisna etməyib. Hazırda 1 sərnişinin metropolitendən istifadəsinin maya dəyəri 55 qəpik, faktiki gediş haqqı isə 5 qəpik təşkil edir.
«Azadlıq» qəzeti məsələni şərh edərək yazır ki, «güman etmək olmaz ki, bu dəfə metropoliteninin təklifi rədd ediləcək. Təklif üçün elə bir vaxt seçilib ki, hər növ məhsul və xidmətin qiyməti bahalaşır. Üstəlik hökumət əhalini «varlanmasını» bəhanə edərək qiymət artımlarına yaşıl işıq yandırıb».
«Hakimiyyət siyasi fəallıqdan çəkinir»- siyasi təhlilçi Rauf Mirqədirov «Gün səhər»ə bildirib ki, Azərbaycanda qanunvericiliyin mürtəceləşməsi bu narahatlıqdan irəli gəlir. Mirqədirov deyib ki, yeni siyasi şəraitdə üçüncü maraqlı qüvvə kimi seçkiləri boykot edən partiyalardır: «Lakin hələlik bu qüvvələrin passiv və ya aktiv boykot xəttini tutacağı bilinmir».
Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Əli məsimov «Üç nöqtə»yə deyib ki, «büdcə xərclərinin artması infliyasiyanı sürətləndirəcək».
YUNESKO-nun baş direktoru Koişiro Matsuura mayın 13-də Azərbaycana səfərə gəlir. Rəsmi dövlət qəzeti «Azərbaycan» yazır ki, səfərdə məqsəd ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçiriləcək «Avropada subregional səviyyədə savadlılığın dəstəklənməsi: tərəfdaşlığın qurulması və yeni yanaşmanın yayılması» mövzusunda regional konfransda iştirak etməkdir. Konfransda YUNESKO-nun bir neçə xoşməramlı səfiri, bəzi dövlət başçılarının xanımları, Şərqi və Cənubi Avropa ölkələrinin təhsil nazirləri iştirak edəcəklər.