«Sülhməramlıların seçimində dəyişikliklər etməyə ehtiyac var»

29 may BMT Sülhməramlıları Günüdür

29 may BMT Sülhməramlıları Günüdür. BMT ailəsinin bir üzvü kimi Azərbaycanın da hazırda İraq və Əfqanıstanda sülhməramlıları xidmət edir. Belə ki, Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sülhməramlı tabor yaradılıb.


Hazırda Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir.


Həmsöhbətim Bəhruz Məhərrəmovda İraqda sülhməramlı kimi xidmət etmiş Azərbaycan əsgərlərindən biridir. O, deyir ki, sülhməramlı kimi başqa bir ölkədə xidmət etmək əsgər üçün böyük bir təcrübədir, yeganə çətinlik ölkədən uzaqda qalmaqdadır.


Bəzən cəmiyyətdə azərbaycanlı sülhməramlıların xidmət göstərdiyi ölkələrdə bəzi problemlər xüsusən də hərbi hazırlıq və dillə bağlı problemlərlə üzləşdikləri barədə fikirlər səslənir. Bəhruz deyir ki, Azərbaycan əsgəri ona öyrədiləni lazımınca tətbiq edir: «Əgər problem varsa onu əsgərin özündə deyil, ona öyrədəndə axtarmaq lazımdır».


Bəhruzun fikrincə, sülhməramlıların seçimində bəzi dəyişikliklər etməyə ehtiyac var. Bu dəyişiklik edilərsə, heç bir problem yaşanmaz.


Həmsöhbətim 2004-2005-ci illərdə İraqda sülhməramlı kimi hərbi xidmət keçib.


Bu ilin əvvəlinədək Azərbaycanın Kosovoda da 37 nəfər sülhməramlısı xidmət göstərirdi. Amma Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq vilayətdə xidmət edən azərbaycanlı sülhməramlıları geri çağırılıb.