«Əl-Qaidə» ilə işbirliyində təqsirləndirilən qrupun məhkəməsi başlayıb

Məhkəmə baxışı iyunun 12-nə təyin olunub. Proses qapalı keçiriləcək

Mayın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun rəhbərliyi ilə «Əl-Qaidə» və «Əl-Cihad» terrorçu qruplaşmaları ilə işbirliyində şübhəli bilinən bir qrup şəxsin işi üzrə proses başlayıb.


Səudiyyə Ərəbistanı vətəndaşı, «Əbu-Cəfəri» təxəllüslü Naif Əbdül Kərim əl-Bedevi və daha 17 nəfər bir sıra cinayətlərdə təqsirləndirilirlər. Bura hakimiyyət nümayəndəsinin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə, odlu silah və partladıcı maddələr əldə etmə, istifadə, saxlama, qanunvericilikdə nəzərdə tutulmayan silahlı qruplaşma yaradaraq müəssisələrə, ayrı-ayrı şəxslərə hücumlar təşkil etmə və s. daxildir.


Radikal dini təriqətin daşıyıcıları hesab edilən qrup üzvləri MTN və DİN-in keçirdiyi birgə əməliyyat nəticəsində həbs edilib.


Məhkəmə baxışı iyunun 12-nə təyin olunub. Proses qapalı keçiriləcək.


İşin istintaqını MTN aparıb.