Məhkəmə Müsavatın meriyaya qarşı iddiasına iyunun 10-da baxacaq

Mayın 30-da Səbail Rayon Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Müsavat mayın 4-nə təyin etmək istədiyi mitinq üçün BŞİH-in uyğun yer ayırmaması ilə bağlı qərarının qanunsuz sayılmasını və ləğvini tələb edir. Məhkəmədə Müsavat Partiyasının maraqlarını vəkil Tofiq Yaqublu qoruyub.


Qarşı tərəfin nümayəndələri isə prosesə gəlməyib. Hazırlıq iclasının sonunda hakim prosesi iyunun 10-na təyin edib.


Vəkil Tofiq Yaqublu iddianın təmin olunmayacağına əmindir. Bununla belə, Müsavatın iddianı Avropa İnsan Haqları Məhkəməsinə qədər sürdürməkdə israrlı olduğunu bildirir: «Biz sadəcə bir daha sübut etmək istəyirik ki, Azərbaycan hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını kobud şəkildə pozur».


Müsavat Partiyası mayın 4-ü və 18-nə təyin etdiyi mitinqi təxirə salıb. Buna səbəb Bakı meriyasının aksiyaçıları Bibiheybət qəsəbəsindəki stadiona göndərmək istəməsi olub. Partiya isə mitinqi Füzuli meydanı, «Qələbə», «Təbriz» kinoteatrlarının və metronun «Nərimanov» stansiyasının ətrafındakı meydanlardan birində keçirilməsini istəyir.