«Prezidentlərin dialoqu uğurlu olub»

Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu, İlham Əliyevlə Serj Sarkisyan arasında ilk üz-üzə dialoqdur.


Sankt-Peterburqdan 25 kilometrlik aralıda yerləşən Konstantinovski qəsrində keçirilən görüşə iki ölkənin Xarici İşlər nazirləri də qoşulub.


Azərbaycan Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Azadlıq» radiosuna görüşün artıq başa çatdığını və nəticələrin təhlil olunacağını deyib.


Habelə görüşdə konkret təklifin müzakirə olunub-olunmadığı barədə heç nə bildirilmir.


Görüşdən sonra iki ölkənin Xarici İşlər nazirləri birgə bəyanatla çıxış ediblər. Elmar Məmmədyarov bildirib ki, prezidentlərin dialoqu uğurlu olub və danışıqları davam etdirmək qərara gəlinib.


İlham Əliyevlə Serj Sarkisyan Rusiyanın təklifi ilə, 12-ci Beynəlxalq İqtisadi Forum çərçivəsində görüşüblər.