«Prezidentlər nazirlərə tapşırıq verib»

Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim

«Sankt-Peterburq danışıqlarından sonra prezidentlər nazirlərə tapşırıq verib ki, mövqeləri yaxınlaşdırsınlar». Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 9-da həftəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüşdə heç bir yeni təklif səsləndirilməyib:


«Ortalıqda Madriddə verilən təkliflər var və bir də yeni şərait mövcuddur. Bu şərait BMT-də Azərbaycanın qəbul etdirdiyi qətnamədən sonra yaranıb».


X.İbrahim bildirib ki, bu ayın sonuncu həftəsi həmsədrlər regiona gələcəklər. Bundan sonra danışıqlar davam etdiriləcək:


«Güman ki, həmin vaxt yeni nəsə demək olar».


İyunun 6-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub.


İlham Əliyevlə Serj Sarkisyanın ilk üz-üzə dialoqunda iki ölkənin Xarici İşlər nazirləri də iştirak edib.


Görüşdən sonra Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri birgə bəyanatla çıxış ediblər. Elmar Məmmədyarov deyib ki, prezidentlərin dialoqu uğurlu olub və danışıqları davam etdirmək qərarına gəlinib.


Bu il martın 14-də BMT-nin Baş Assambleyası «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» adlı qətnamə qəbul edib.


Doqquz bənddən ibarət qətnamə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Sənəd işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam, qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün şərait yaradılmasını əks etdirir.