Keçmiş müstəntiq azadlıqdan məhrum edildi

Vəkil məhkəmənin qərarını ədalətsiz saydıqlarını bildirib

İyunun 10-da Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Eynulla Vəliyev Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Mahir Nağıyevə 5 il azadlıqdan məhrumetmə cəzası kəsib. Xəbəri «Azadlıq» radiosuna Mahir Nağıyevin vəkili Osman Kazımov verib.


Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi rüşvət almada, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə səlahiyyətlərini aşmada təqsirli bilinib.


Dövlət ittihamçısı hakimdən Mahir Nağıyevə 8 il həbs cəzası istəmişdi. Osman Kazımov qərarı ədalətsiz saydıqlarını və qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.