İyunun 12-də «Bestnet» internet klubu əsl döyüş meydançasını xatırladırdı. Çünki burada Azərbaycanın kompyuter oyunları üzrə 3-cü milli çempionat start götürürdü. Artıq üç ildir ardıcıl keçirilən yarışma Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, məqsəd gənclər arasında informasiya texnologiyalarının yayılmasını təmin etməkdir:
«İstəyirik ki, gənclərin asudə vaxtını mənalı və səmərəli təşkil edək. Bu da həmin üsullardan biridir».
Bu ilki çempionata əvvəlki illərə nisbətən daha çox oyunçu - 200 nəfərə yaxın iştirakçı qatılıb. Onlar 7 oyun üzrə yarışacaqlar. Kompyuter Oyunları üzrə Milli Assosiasiyanın prezidenti Ramil Əliyevin sözlərinə görə, bunlar çox populyar oyunlardır:
«5 oyun fərdi, 2-si isə komanda oyunudur. Komandalar 5 oyunçudan ibarətdir».
Ramil Əliyev deyir ki, bu ilki çempionat əvvəlkilərdən həm də onunla fərqlənir ki, bu dəfə finalçıların sayı çox olacaq. Onlar isə dünya çempionatına – Almaniyaya yola düşəcəklər. Çünki Kölndə kiber oyunlar üzrə dünya çempionatı keçiriləcək.
Kompyuter Oyunları üzrə Milli Assosiasiyanın vitse-prezidenti İsgəndər Quliyev isə deyir ki, bu il çempionat iştirakçılarının dünyada yaxşı nəticə göstərmək şansı daha yüksəkdir. Çünki bu dəfə onlara daha yaxşı şərait yaradılıb.
Təşkilatçılar deyirlər ki, çempionat iştirakçıları əsasən internet klublarda məşq edirlər. İmkanı olanlar isə evdə də oynayırlar. Əvvəlki iki çempionatın qalibi Elvin Dadaşov da internet klubda məşq edirmiş. Özü də gündə azı 12 saat. O, artıq iki ildir avtomobil yarışları ilə məşğul olur. Ötən illərdəki çempionat qalibi kimi İtaliya və ABŞ-dakı yarışmalarda iştirak edib. E.Dadaşov ümid edir ki, bu il də Almaniyaya gedə biləcək:
«2007-ci ildə yaxşı nəticə göstərdim, 3 ölkənin nümayəndəsinə qalib gəldim».
Elvin Dadaşov deyir ki, kompyuter oyunlarında əsas məsələ diqqətli olmaq və kompyuter siçanını daha həssas işlədə bilməkdir: «Bir qədər əsəbi, həyəcanlı oldunsa, məğlub olmaq şansın da artır».
Rauf Ağamirzəyev ilk dəfədir bu çempionata qatılır. O, futbol oyununda gücünü sınayacaq. Bir ildir bu oyun üzrə məşq edir. Yoldaşları ilə hər axşam internet kluba toplaşıb oyunda hücum və müdafiə taktikasını yoxlayırlar. Amma onun dediyinə görə, bu oyunda əsl futbolu bilməmək də mümkündür: «Əsas oyun təcrübəsi və taktikadır. Burda hər şey bir oyunçudan asılıdır».
Çempionat oyunlarına hakimlər nəzarət edəcəklər. Onlar iştirakçıların mövcud qaydalara uyğun oynamasına nəzarət edəcəklər. Hakimlərdən biri Sergey deyir ki, qaydaları pozanları ciddi cəzalar gözləyir: «Cəza olaraq oyunçunu çempionatdan kənarlaşdıra, onun xallarını ala bilərik».
Kompyuter oyunları üzrə 3-cü milli çempionatın seçmə turları 3 gün davam edəcək. İyunun 18-20-nə qədər isə final mərhələsi keçiriləcək. Səkkiz əsas qalibdən savayı, 37 finalçı müəyyənləşəcək. Onları Gənclər və İdman Nazirliyinin və digər sponsorların mükafatları gözləyir. Günün əksər vaxtını internet klublarda keçirən, özünü kompyuter oyunu üzrə mütəxəssis sayan, amma yarışmadan xəbər tutmayan gənclər isə bəxtlərini gələn il sınaya bilərlər.