Skinhedlərin azərbaycanlılara hücumları azalıb

İl hələ yarı olmayıb, amma skinhedlərin milli zəmində törətdikləri qətllərin sayı artıq 60-a yaxındı

Rusiyadakı ekstremist millətçilər keçən il 80 nəfəri qətlə yetiriblər. Bu il belə cinayətlərin təxminən iki dəfə artacağı gözlənilir. Çünki il hələ yarı olmayıb, amma skinhedlərin milli zəmində törətdikləri qətllərin sayı artıq 60-a yaxındı. Qurbanların arasında azərbaycanlılar da var. Moskvada fəaliyyət göstərən «Sova» analitik informasiya mərkəzinin məlumatında deyilir ki, xəsarət alanlar, təhqir edilənlər isə yüzlərlədi.


11 may 2008-ci il. Moskvada metronun «Sviblovo» stansiyasının yaxınlığında altı millətçi skinhed bir azərbaycanlı kişiyə hücum edib, onu amansızcasına döyüblər. 41 yaşlı zərərçəkənin altı qabırğası sınıb, böyrəyi zədələnib. Zərərçəkən reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan onun anası deyib ki, oğlu hər səsdən diksinir, qorxur ki, həmin banda onu tapıb axırına çıxacaq.


Amma Moskvada yaşayan müstəqil jurnalist Tünzalə Vəliqızı deyir ki, axır vaxtlar azərbaycanlılar daha az təqiblərə məruz qalırlar.


Amerika arzusu səbr tələb edir


Azərbaycandan Rusiyaya gedənlər qədər olmasa da, Amerikaya da üz tutanlar var. Amma ABŞ arzusu sizə baha başa gələ bilər: 6-7 il həyat yoldaşınızdan ayrı düşə bilərsiniz.


Vaşinqtonda yaşayan miqrasiya üzrə hüquqşünas İsmayıl Şaxtaxtinski deyir ki, Amerikada miqrantlara münasibət Rusiyadakı kimi ola bilməz. Bunun bir neçə səbəbi var. Hər şeydən əvvəl Amerika qanunların hər şeydən yüksək tutulduğu ölkədi. Digər tərəfdənsə ABŞ elə miqrantların qurduğu dövlətdi. Amma İsmayıl Şaxtaxtinski deyir ki, 7 il qabaq islamçı terrorçuların Nyu-York və Vaşinqtonda törətdikləri terror aktlarından sonra yerli əhalinin əhval-ruhiyyəsində dəyişiklik olub.